21 fevral Beynəlxalq Ana Dili Günüdür. Hər il bu gün bir çox ölkələrdə ana dilinin qorunmasına həsr olunmuş aksiyalar, konfranslar və təqdimatlar keçirilir.
Modern.az xəbər verir ki, TASS agentliyi bununla əlaqədər olaraq Rusiyada hansı dillərin ana dili - doğma dil hesab olunması ilə bağlı yazıb.
Bildirilib ki, 2021-ci ildə keçirilən ümumrusiya əhali siyahıyaalmasına görə, Rusiya sakinləri 170-dən çox dili doğma dil hesab edirlər.
Məlumata görə, ən çox ana dili hesab edilən dil rus dilidir. Belə ki, əhalinin 75.8 faizi bu dili doğma dil bilir. 12.19 faiz başqa dilləri doğma dil hesab edib. İkinci yerdə tatar, üçüncü yerdə isə çeçen dilləri Rusiya əhalisinin ana dili saydığı dillərdəndir. Başqırd, avar, çuvaş dilləri, eləcə də digər dillər də siyahıda var. 11.3 faiz isə ana dilini açıqlamayıb.
Qeyd olunub ki, Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunun məlumatına görə, bu gün Rusiyada 155 canlı dil var.