Modern.az

Türkiyədə seçkilər təxirə salınmayacaq - Hakim partiya

Türkiyədə seçkilər təxirə salınmayacaq - Hakim partiya

27 Fevral 2023, 17:16

Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident və parlament seçkiləri təxirə salınmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mustafa Elitaş məlumat verib.

 

"Parlament fevralın 6-dan etibarən 21 günlük fasilə verib. Bütün millət vəkillərimiz zəlzələ bölgəsində olmaq istədi. Buna görə də Türkiyə Böyük Millət Məclisinin işi fevralın 28-nə qədər dayandırıldı. Sabah parlamentin plenar iclası öz işinə başlayır", - deyə AKP rəsmisi bildirib.

 

Onun sözlərinə görə, seçkilərin təxirə salınması gözlənilmir. 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Zəlzələdən sonra seçkilərin təxirə salınacağı ilə bağlı fikirlər yayılıb.

 

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlamışdı. Lakin ölkədə baş verən dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması məsələsi gündəmə gətirilib.

 

Bəzi siyasətçilər seçkilərin gələn ilə qədər ertələnməsini təklif etsə də, bu, müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalif düşərgə parlament və prezident seçkilərinin əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 18-də keçirilməsini istəyir.

 

Rahib Ələsgərov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu