Ukrayna hökuməti Rusiya, Belarus və MDB ilə bağlanmış üç sərhəd əməkdaşlığı sazişindən çıxmaq qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz "Telegram" kanalında məlumat verib.
Kiyev sərhəd-keçid məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Rusiya ilə imzalanmış müqaviləni ləğv edib. Tərəflər bu sazişi 2011-ci ildə Donetskdə bağlayıblar.
Həmçinin, Kiyev Belarusla Ukrayna-Belarus sərhədindəki keçid məntəqələrində birgə nəzarətin təşkili haqqında sazişdən çıxıb. Razılaşma 1995-ci ildə Kiyevdə əldə olunub.
Kiyevin çıxdığı üçüncü sənəd MDB ölkələrinin sərhəd qoşunlarına xüsusi texnikanın güzəştli tədarükü haqqında sazişdir. Müqavilə 1994-cü ildə Moskvada bağlanıb.
Akif İsmayılov