Rusiyanın Surqut məhkəməsi Azərbaycan əsilli Raya Məmmədovanı nifrət yaymaqda təqsirli bilib və 3 il sınaq müddətinə şərti cəzaya məhkum edib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, ötən il əslən azərbaycanlı olan Raya Məmmədova ilə qonşuları arasında baş verən münaqişə geniş ictimai rezonansa səbəb olub. Mübahisəyə səbəb onun qonşulardan birinin övladına və uşağın dostlarına lifti zədələdiyi üçün dediyi sözlər olub. İddiaya görə, burada rusların söyüşlərdən istifadə etməsi haqqında danışılıb, həmçinin Məmmədova qonşusunu fiziki zorakılıqla hədələyib.
"Layiqli ruslar var, amma burada yalnız məxluqlardır. "Oçkarik"lər... Həmişə biz uşaqlarla oturub siz rusların həyatdan necə getdiyinizi müzakirə edirik", - onun belə dediyi idda edilir.
Qadının verdiyi məlumata görə, onu bu cür ifadələrə təhrik ediblər: “Demək olar ki, iki həftə dözdüm və susdum, amma sonda belə oldu".
O, rayonu tərk etməyi planlaşdırmadığını söyləyib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, R.Məmmədovanın şərti məhkum edilmiş şəxsin yaşayış yeri üzrə davranışına nəzarət edən ixtisaslaşdırılmış dövlət orqanında qeydiyyata düşməsi tələb olunacaq.