ABŞ vətəndaşlarının əksəriyyəti ölkənin hazırkı prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən iştirak etmək üçün "çox qoca" olduğuna inanır.
Modern.az "New York Post"a istinadən xəbər verir ki, "Yahoo News/YouGov"un sorğusuna əsasən, respondentlərin 68%-i bu fikri bölüşür.
Qeyd olunub ki, Demokratlar Partiyasının tərəfdarları arasında çoxları Baydenin yaşının problem olması ilə razılaşır. Yalnız 34% bununla razılaşmayıb. Müstəqil seçicilərə gəlincə, 71% əmindir ki, ABŞ prezidenti ikinci müddət üçün çox yaşlıdır.
Eyni zamanda, Bayden müvafiq planların mövcudluğundan danışsa da, hələ 2024-cü il seçkilərində iştirakını rəsmən açıqlamayıb. Əgər ABŞ prezidenti səsvermədə iştirak etmək qərarına gəlsə və qalib gəlsə, o zaman ikinci müddətinin əvvəlinə onun 82, sonuna qədər isə 86 yaşı tamam olacaq.