BMT-nin Baş katibi Antonio Quterreş "xarici agentlər haqqında" qanun layihəsinin qəbuluna etirazların keçirildiyi Gürcüstanda vəziyyəti diqqətlə izləyir və bütün tərəfləri gərginliyin artmasına səbəb ola biləcək hərəkətdən çəkinməyə çağırır.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
"Baş katib Gürcüstandakı vəziyyəti izləyir. O, bütün iştirakçıları gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır. Baş katib ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin fəaliyyətinin vacibliyini qeyd edir və insanların dinc şəkildə etiraz etmək hüququnu bir daha vurğulayır", - deyə rəsmi açıqlamada vurğulanıb.
Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.