Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə İordaniyanın baş nazirinin müavini, xarici işlər və diaspor naziri Ayman əl-Safadi ilə görüşüb.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xarici işlər nazirləri Ermənistan-İordaniya gündəliyinə dair məsələləri müzakirə edib, müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Tərəflər siyasi dialoqun genişləndirilməsi məsələlərinə toxunublar. Eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə mövzusu olub.
Qeyd olunub ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, regionda sülh və sabitliyin bərqərar olması və Laçın dəhlizindəki situasiya da müzakirə edilib.
Məlumata görə, Ermənistan XİN başçısı livanlı həmkarı Abdallah Buhəbiblə də görüşüb. O, Ərəb Liqasının toplantısına qatılmaq üçün Misirə səfər edib.