Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi böyük etirazlara səbəb olan "Xarici agentlər haqqında" qanunun geri götürülməsinə münasibət bildirib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qərar müsbət qiymətləndirilib.
“Biz hakim partiyanın qanun layihəsini geri götürməsi barədə açıqlamasını alqışlayırıq. Gürcüstanın bütün siyasi liderlərini Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusuna nail olmaq üçün 12 prioritetə uyğun olaraq inklüziv və konstruktiv şəkildə Avropayönümlü islahatları bərpa etməyə çağırırıq”, - Aİ-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında deyilir.
Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.