Ukrayna Silahlı Qüvvələri “Slava Ukraini” ifadəsinə görə Rusiya qüvvələri tərəfindən güllələnən məşhur hərbçinin adını açıqlayıb.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, Çerniqov vilayətinin ərazi müdafiəsinin 119-cu əlahiddə briqadasının 163-cü batalyonunun döyüşçüsü Aleksandr Matsiyevski olub.
Bildirilib ki, Matsiyevskinin nəşi Rusiya və Ukrayna arasında ölənlərin mübadiləsi çərçivəsində ailəsinə təhvil verilib. Qohumları onun şəxsiyyətini Kiyevdəki morqda müəyyən ediblər.
Qeyd edək ki, Matsiyevski Rusiya hərbçilərinin qarşısında "Slava Ukraini" deyərsə, öldürüləcəyini bilə-bilə bu şüarı səsləndirmiş və güllələnmişdi. Bu görüntülər bütün dünyaya yayılmış və Ukrayna hərbçisinin cəsarəti gündəm olmuşdu.