Gürcüstan parlamenti hüquqi rəy alınması üçün Venesiya komissiyasına göndərdiyi “xarici təsir agenti” adlı qanun layihəsini geri istəyib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Spiker deyib ki, qanun layihəsinin geri çağırılması ilə əlaqədar Venesiya komissiyasının prezidenti ilə telefonla danışıb və sənədə hüquqi rəy verilməsinə baxılmamasını xahiş edib.
"Bu qanun bir daha müzakirə olunmayacaq", - deyə o vurğulayıb.
Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.