Rusiya prezidenti Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak edə bilər. Bunun üçün Kreml Putinin iş qrafikinə düzəlişlər edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Putin sammitə gedib-getməmək barədə hələ yekun qərar verməsə də, Kreml belə ehtimalı istisna etmir. Məlumata görə, Putinə manevr imkanı vermək üçün rəsmilər Vladivostokda G20 sammitindən əvvəl təyin olunan illik iqtisadi forumu bir həftə təxirə salıblar.
Nəşr Putinin mətbuat katibi Dmitri Peskovun məlumatı şərh etmədiyini vurğulayıb.
Qeyd edək ki, Hindistan Putini G20 sammitinə dəvət etmiş, Kreml də dəvətə razılığını vermişdi. Ancaq ötən il müharibə ilə əlaqədar olaraq ABŞ və müttəfiqlərinin təzyiqi ilə Putin İndoneziyadakı görüşə qatılmaq planından imtina etmişdi.