Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Ölkəmizlə Avropa İttifaqı arasında sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynadı. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır.
Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür.
Son dövrlər Balkan regionu Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib və ölkəmiz də bu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.
Cari ilin aprel ayının 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Dövlət başçımız imzalanma mərasimində çıxışında qeyd edib ki, imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək, Azərbaycan üçün Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq və Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaqdır.
Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək respublikamızın təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazandığını görərik. Heç də təsadüfi deyil ki, Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə olduğu beynəlxalq səviyyədə təqdir edilir. Avropa ölkələrinə səfərləri zamanı Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, layihələrin dünyanın enerji xəritəsini dəyişməsindən geniş bəhs edən dövlət başçısı cənab İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir.
SOCAR ilə Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın “FGSZ” və Slovakiyanın “Eustream” şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması Bolqarıstan tərəfindən təklif olunub. Azərbaycan Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.
Dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir. Bu səfər intensiv qaydada aparılan siyasi dialoqa töhfə verəcək,o cümlədən həm enerji təhlükəsizliyi, həm də qarşılıqlı maraq doğuran bütün digər sahələrdə əməkdaşlığı daha da genişləndirəcək və inkişaf edəcəkdir.
Murad Həsənov
Naftalan şəhər sakini