“Türkiyədə və Azərbaycanda gedən bütün proseslər hər iki ölkənin cəmiyyətlərində eyni dərəcədə maraq doğurur və izlənilir. Türkiyədə növbəti dəfə “Texnofest” kimi əhəmiyyətli bir tədbirin keçirilməsi diqqətdən kənarda qala bilməzdi”.
Modern.az xəbər verir ki, bunu millət vəkili Cavanşir Feyziyev deyib. Azərbaycan xalqının Türkiyənin bütün uğurlarına sevindiyini xatırladan millət vəkili vurğulayıb ki, dövlətimiz Türkiyəni bütün təşəbbüslərində səmimiyyətlə dəstəkləyir:
““Texnofest-2023” festivalının açılışında müşahidə etdiyimiz xalq coşqusu da bu birliyin tam şəkildə dəstəkləndiyini göstərir. Tədbirin seçki öncəsi vaxta təsadüf etməsi və tədbirdə ölkəmizin Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təmsil olunması da bütövlükdə Azərbaycanın Rəcəb Təyyib Ərdoğana birmənalı və tam dəstəyinin nümayişidir. Türkiyə dövlətinin daha da güclənməsi və Türkiyə xalqının daha firavan yaşaması naminəseçki marafonunun favoriti olan Prezident Ərdoğana göstərilən bu dəstək Azərbaycan xalqının Türkiyə sevgisindən doğan səmimi bir dəstəkdir”.
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri, xalq qarşısında çıxışı, eyni zamanda Bakıda birgə PUA istehsalı zavodunun qurulacağı haqqında verilən anons barədə fikirlərini bölüşən millət vəkili hesab edir ki, bütün bunlar Heydər Əliyevin “Bir millət - iki dövlət” formulunun real həyatdakı təzahürüdür.
“Azərbaycanda Bayraktar Mərkəzinin yaradılması haqqında Prezidentin verdiyi anons da məhz bu amala xidmət edir. Bu onu göstərir ki, bizim gücümüz də birdir, taleyimiz də həmişə birlikdə olacaq. Bu həm gələcəyimiz üçün xalqlarımızın əminliyini möhkəmləndirən bir bəyanatdır, həm də Türkiyə və Azərbaycana qarşı qeyri-səmimi davranan üçüncü tərəflərə ünvanlanan ciddi bir mesajdır. Ölkəmizə qarşı məkrli planlar qurmaq xəyalına düşənlər bilməlidirlər ki, Türkiyənin gücü bizim gücümüzdür”, - deyə Cavanşir Feyziyev qeyd edib.