"Heydər Əliyev İli" çərçivəsində 04 may 2023-cü il tarixində YAP Kəlbəcər rayon təşkilatı və Kəlbəcər rayon Uşaq İncəsənət məktəbi Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-illiyi ilə əlaqədar rəsm sərgisi keçirilib.
Modern.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sərgidə “Heydər Əliyev İli” çərçivəsində hazırlanmış 30-dan artıq rəsm əsəri nümayiş etdirilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır. Bildirib ki, xalqına, dövlətinə ən ali hisslərlə bağlı olan Heydər Əliyev bütün Azərbaycanlıların Ulu Öndəri, Ümummilli Lideri sayılır:
“ Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətçiliyimizin təməllərini elə mükəmməl formalaşdırıb ki, yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafını təmin edəcək.Ümummilli Liderin siyasi kursunu şərəf və ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Sədr Həbib Misirov Ulu öndər irsinin, milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin təbliği və istedadlı gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün edilən təşəbbüsə görə məktəbin müəllim və şagird kollektivinə minnətdarlıq etdi və uğurlar arzuladı.
Kəlbəcər Uşaq inçəsənət məktəbinin direktoru Ədalət Əliyev məktəbin yetirmələrinin respublika və beynəlxalq müsabiqələrdə əldə etdikləri uğurlar barədə məlumat verərək qeyd etdi ki, tədbirin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli yolu, müstəqillik tariximizi gələcək nəsilə əyani aşılamaqdır. Direktor onu da əlvə edib ki, Ulu öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Ulu öndər fəaliyyəti dövründə mədəniyyət və inçəsənət xadimlərinə, rəssamlara diqqət və qayğı ilə yanaşıb xüsusən gənc rəssamların dünyanın müxtəlif ölkələrində yetişməsi üçün bütün imkanlardan istifadə edib. Digər çıxış edənlər məktəbin müəllimləri Ruhəngiz Həsənova, Sadiq Əhmədov, Asif Quliyev, Aynur Hüseynzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, xalqı naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan, həmçinin istedadlı gənclərə və uşaqlara xüsusi qayğısından danışıblar. Qeyd ediblər ki, bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq.Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən bir qrup müəllimə Fəxri fərmanlar və rəsm sərgisində iştirak edən yeniyetmə gənclərə təşəkkürnamə diplomları təqdim edildi.