Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusla bağlı yeni həftəlik hesabatını yayıb. Hesabatda qeyd olunub ki, dünya üzrə koronavirusa yoluxanlar və koronavirusdan ölənlərin sayında azalma müşahidə edilir.
Aprelin 3-dən aprelin 30-dək olan müddətdə dünyada təxminən 2,78 milyon insan koronavirus infeksiyasına yoluxub, bu xəstəliyə yoluxan 17 459 nəfər vəfat edib.
Həmçinin bildirilib ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 30%, yoluxmaların sayı isə 17% azalıb. Mayın 3-nə olan vəziyyətə görə, təşkilata pandemiyanın başlanğıcından bəri 765 222 932 koronavirusa yoluxma halı və 6 921 614 ölüm halı barədə məlumatlar daxil olub.

Qrafik: ÜST-nin məlumatına əsasən, dünyada koronavirusla bağlı vəziyyət
Dünyada COVID-19-a yoluxma və ölüm halları azalsa da, Azərbaycanda vəziyyət bir qədər fərqlidir.
Modern.az Azərbaycanda koronavirusla bağlı vəziyyəti statistik göstəricilər əsasında təhlil edib. Belə ki, analoji dövrdə, yəni 3-30 aprel tarixlərində Azərbaycanda 1523 nəfər koronavirusa yoluxub, 56 nəfər vəfat edib. Yoluxanların sayı əvvəlki 28 günlə müqayisədə 30%-dən çox artıb, ölüm sayı isə dəyişməyib.
6 mart - 2 aprel tarixlərini əhatə edən müddətdə Azərbaycanda 1136 nəfər COVID-19-a yoluxub, 56 nəfər dünyasını dəyişib.

Qrafik: Operativ Qərargahın məlumatına əsasən, Azərbaycanda koronavirusla bağlı vəziyyət
Qeyd edək ki, mayın 3-nə olan məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 831 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 953 nəfər müalicə olunaraq sağalıb, 10 250 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir. Ölkədə son sutka ərzində 1 471, hazırkı dövrədək isə 7 593 644 test aparılıb.