Modern.az

Azərbaycan Moskva paradında niyə təmsil olunmadı? 

Azərbaycan Moskva paradında niyə təmsil olunmadı? 

Aktual

9 May 2023, 18:09

Bu gün 9 May - Faşizm üzərində Qələbə günü ilə əlaqədar Rusiyada hərbi parad keçirilib. Moskvada təşkil olunan paradda Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri və Ermənistanın baş naziri iştirak edib.

 

MDB ölkələrindən Moldova və Gürcüstanla yanaşı, Azərbaycan rəsmiləri də 9 May paradına qatılmayıb. 

 

Azərbaycanın Moskvadakı tədbirdə təmsil olunmamasının səbəbi nədir? Bakı Moskvanın dəvətindən niyə imtina edib? 


Mövzu barədə Modern.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Rusiya tərəfindən 9 May paradı ilə bağlı Azərbaycan Prezidentinə rəsmi təklif göndərilib.

 

 

"Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Moskvadakı tədbirə gedə bilməyəcəyini qarşı tərəfə bildirib. Bu haqda Rusiyanın "Birinci kanalı" məlumat yaymışdı. Azərbaycan məhz bu səbəbdən paradda təmsil olunmayıb", - politoloq deyib.

 

T.Abbasov vurğulayıb ki, Rusiya mətbuatı Prezident İlham Əliyevin parada dəvət olunması haqda məlumatlara xüsusi yer ayırıb:

 

"Doğrudur, Ukrayna və Moldova Qələbə Gününü Rusiya ilə bölüşmür. Halbuki, onların da vətəndaşları İkinci Dünya Müharibəsində iştirak edib. Çox güman ki, hər iki ölkədə müharibədə iştirak etmiş və hələ də yaşayan insanlar var. Onu da qeyd etmək lazımdır ki, həm Ukraynanın, həm də Moldovanın işğaldan azad edilməsi Qırmızı ordunun xidmətləri sayəsində baş vermişdi". 

 


Politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, Rusiya hər zaman Azərbaycan, Ukrayna və Gürcüstana qarşı ədalətsiz yanaşıb.


"İkinci Dünya Müharibəsində Azərbaycanın 3.1 milyon əhalisi var idi. Həmin vaxt ölkəmizdən müharibəyə 687 min insan aparılmışdı. Bu qədər insanın təxminən 300 mini müharibə zamanı həyatını itirib. İkinci Dünya Müharibəsinin bütün ağırlığını Azərbaycan çəkib. Deməli, o zamanlar Azərbaycanda hər altı nəfərdən biri müharibədə iştirak edib. Yəni hər ailədən 1 nəfər, bəzi ailələrdən isə 3 nəfər İkinci Dünya Müharibəsində iştirak edib. Həmin dövrdə Ermənistan və Gürcüstandan aparılan insanların sayı bizdən 2 dəfə az idi. Yəni demək olar ki, müharibədə ancaq müsəlman ölkələrin vətəndaşları iştirak edib. Müharibə müddətində istifadə olunan hərbi texnikaların 75 faizi Azərbaycan nefti ilə işləyirdi. Amma bununla belə Bakıya "Qəhrəman şəhər" statusu vermədilər. Halbuki müharibənin bütün ağırlığını məhz elə Azərbaycan çəkmişdi. Məhz ona görə də Azərbaycan Prezidenti qələbəni Şuşa şəhərində qeyd etməklə çox doğru addım atdı. Mən, dövlət başçısının qərarını yüksək qiymətləndirirəm", - politoloq vurğulayıb.

 

Onun fikrincə, Azərbaycan rəhbərliyinin Moskva paradında iştirak etməməsi ölkəmizin haqqa tərəfdar olduğunu, Ukrayna məsələsində ədalətli mövqe tutduğunu göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular