Modern.az

İncenin geri çəkilməsi seçkiyə təsir etməyəcək - Sabiq baş nazir

İncenin geri çəkilməsi seçkiyə təsir etməyəcək - Sabiq baş nazir

Aktual

12 May 2023, 10:48

Ötən gün Məmləkət Partiyasının sədri Muharrem İnce ictimaiyyətə müraciət edərək, Prezident seçkilərindən geri çəkildiyini açıqlayıb. O, çıxışı zamanı digər namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.

 

Türkiyədəki seçki prosesi barədə Modern.az-a danışan Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn hesab edir ki, Muharrem İncenin geri çəkilməsi digər namizədlərin taleyini həll edəcək qədər böyük hadisə deyil.


"Seçkinin taleyi iki nəfər, yəni Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlundan asılıdır. Burada daxili və xarici faktorlar arasında ciddi mübarizə gedir. Mənim şəxsi rəyim ondan ibarətdir ki, Türkiyə seçicilərinin çoxu Rəcəb Tayyib Ərdoğana səs verəcək", - deyə partiya sədri bildirib.

 

 

P.Hüseyn vurğulayıb ki, Ərdoğanın prezident seçilməsi Türkiyə və Azərbaycan üçün məqbul variantdır:

 

"İncenin geri çəkilməsindən sonra onun dəstəkçilərinin Kılıçdaroğluna, ya da başqa namizədə səs verəcəyi ilə bağlı dəqiq fikir bildirmək doğru olmaz. Ancaq nəzərə almalıyıq ki, Kılıçdaroğlu və İnce eyni kökdən, yəni Cümhuriyyət Xalq Partiyasından çıxıblar. Ümumiyyətlə, birmənalı şəkildə demək olmaz ki, Muharrem İncenin seçiciləri hansı namizədə dəstək verəcək. Mənim mövqeyim ondan ibarətdir ki, Türkiyə seçicisi ədalətli şəkildə kimə səs versə, o da qalib gəlsin. Lakin, mənim subyektiv fikrim Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsindən ibarətdir. Onun seçilməsini daha məqbul hesab edirəm. Bu, türk dünyasının, Türkiyənin və Azərbaycanın maraqları baxımından daha uyğundur".

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular