Tacikistan Prezidenti Emomali Rahmonın Ümummilli Lider Heydər Əliyevlə bağlı ürək sözləri Milli Məclisin xüsusi iclasında Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda tərəfindən səsləndirilib.
Modern.az-ın məlumatına görə, Tacikistan Prezidentinin məktubunda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dahi övladıdır:
“O, bütün həyatını öz xalqına, Azərbaycanın dünya arenasında nüfuzunun güclənməsinə həsr edib. Onun yorulmaz səylərinin bəhrəsini müasir Azərbaycanın simasında görürük. Tacikistanda Heydər Əliyevin şəxsiyyətinə hər zaman dərin hörmət bəsləyiblər. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Eləcə də iki ölkə arasında çoxtərəfli münasibətlərin dərinləşməsində rolu danılmazdır. Bu il Azərbaycan Prezidenti İlham Əiyevin Tacikistana dövlət səfərində əldə edilən nəticələr bir daha sübut edir ki, iki xalq ortaq tarixə, dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə və xoş münasibətə sadiqdir. İki ölkə arasındakı münasibətlər ardıcıl, müştərək addımlar nəticəsində artan xəttlə inkişaf edir və edəcək”.