Ötən gün Türkiyə Ali Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener seçkilərin ikinci tura qaldığını açıqlayıb. İlk turda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan CHP lideri Kemal Kılıçdaroğludan daha çox səs toplasa da, prezident seçilmək üçün lazım olan səs faizinə çata bilməyib. Türkiyə konstitusiyasına əsasən, seçkilərin ilk turunda səslərin 50%-dən çoxunu yığan namizəd ölkəyə rəhbərlik etmək hüququ qazanır. İlk turda qalib müəyyənləşmədiyindən ikinci turun keçirilməsi qərara alınıb.
14 may seçimlərinin sürpriz namizədi, əsasən millətçi partiya və siyasətçilərin təmsil olunduğu "ATA İttifaqı"nın təmsilçisi 54 yaşlı Sinan Oğandır. O, ilk turda 5%-dən çox səs toplayaraq üçüncü yeri tutub. Lakin həm Ərdoğan, həm də Kılıçdaroğlunun qalib gəlməsi üçün Oğanın dəstəyi vacibdir. Bu mənada bütün diqqətlər məhz Azərbaycan əsilli Sinan Oğana yönəlib. Ancaq o, hələlik kimi dəstəkləyəcəyini açıqlamayıb və bir sıra şərtlərinin olduğunu deyib. Bu şərtlərdən ən başlıcası Türkiyədəki miqrantların öz ölkələrinə göndərilməsi və terroçularla yaxın əlaqələri olan qüvvələrlə əməkdaşlıqdan imtina edilməsidir.
Doğrudur, ikinci turda kimin qalib gələcəyini dəqiq söyləmək qeyri-mümkündür. Lakin ilk turun nəticələri əsasında ehtimallar irəli sürmək olar.
Türkiyədəki seçkilərin nəticələrini Modern.az-a şərh edən siyasi şərhçi Nazim Cəfərsoy deyir ki, son mənzərə hakimiyyətin ciddi üstünlük qazandığını göstərir.
"Ərdoğan hakimiyyəti birinci turu 2,5 milyon seçici fərqi ilə Kılıçdaroğludan öndə başa vurdu. İkinci tur seçkilərdə 50 faiz səsi keçən namizəd qazanacaq və görünən odur ki, Ərdoğan qalibiyyətə daha yaxındır. Kılıçdaroğlunun 50 faizi keçməsi üçün 5 faiz səs lazımdırsa, Rəcəb Tayyib Ərdoğana bunun onda biri lazımdır. Həmçinin, Ərdoğan parlamentdə də öz mövqeyini gücləndirdi. Cəmiyyət sabitlikdən yana olduğu üçün onun parlamentdə əldə etdiyi qalibiyyət Ərdoğana prezidentlik yolunda yeni kart-blanş verə biləcəyini ortaya qoyur", - deyə o bildirib.
Ekspertin sözlərinə görə, güc balansını dəyişdirə biləcək bir başqa faktor olan Sinan Oğan dünyagörüşü, siyasi cizgi baxımından "Cümhur İttifaqı"na daha yaxın görünür:
"Çünki o milliyyətçi, mühafizəkar duruş sərgiləyir. Bu da Ərdoğana Oğanla daha çox danışıqlar aparmaq imkanı yaradır. Rəcəb Tayyib Ərdoğan hazırda iqtidarda olduğu üçün Sinan Oğana daha çox vəd vermək iqtidarındadır. Müxalifət bütün hesablarını birinci tur üçün aparmışdı. Çünki birinci turda seçkini həll edəcəklərini düşünürdülər. Ərdoğanın birinci turda parlamentdə üstünlük əldə etmək və ikinci turda prezident olmaq üçün strategiya qurduğu gündəmə gəlirdi. Mən bu fikirlə razı deyiləm, amma onu da qeyd edim ki, ikinci tur üçün həm psixoloji, həm də siyasi yetkinlik baxımdan Ərdoğan daha hazır görünür".
Nazim Cəfərsoy qeyd edir ki, Ərdoğan ikinci turda üstünlük qazanacaq.
"Müxalifət birinci turda qalibiyyət əldə edə bilmədiyi üçün ciddi ruh düşkünlüyü yaşayır. Daxildə artıq bəzi şəxslər arasında fikir ayrılıqları yaranmağa başlayıb. Bir-birini müəyyən mənada ittiham edirlər. Rəcəb Tayyib Ərdoğanın "Cümhur İttifaqı" isə qarşı tərəfə nisbətən daha yekdildir. Bütün bunlar müxalif seçicilərin ikinci turun səsverməsində iştirak etməməsinə gətirib çıxara bilər. Müxalifət iki gündür şokdadır. Dünən Kılıçdaroğlu hər nə qədər yumruğunu masaya vuraraq "mən burdayam" desə də, mövcud vəziyyəti necə düzəldəcəyi sual altındadır", - o sözlərini belə yekunlaşdırıb.