Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyələrdə təmasların artdığı müşahidə edilir. Mayın 1-dən 4-nə kimi Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş keçirilib. ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlarda nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Daha sonra mayın 14-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş baş tutub. Görüş zamanı sülh müqaviləsi müzakirə edilib.
Bu gün isə Moskvada XİN başçıları səviyyəsində növbəti görüş keçirilir. Lavrovun iştirakı ilə baş tutan görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması barədə müzakirələr aparılır.
Mayın 25-də liderlər səviyyəsində Moskvada növbəti görüş planlaşdırılır. İyun ayında Kişinyovda, iyul ayında isə yenidən Brüsseldə ən yüksək səviyyədə təmaslar olacaq.
Göründüyü kimi, son zamanlar həm Qərb, həm də Rusiya Azərbaycan və Ermənistan arasında instensiv görüşlər təşkil edir.
İlk baxışdan bir-birilə fərqli gündəmlərə malik olan tərəflərin Azərbaycan və Ermənistan arasında görüşlər təşkil etməsi sülh prosesinə mənfi təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə qeyd edib ki, tərəflər arasında razılıqlar olduğu kimi, müəyyən mövzularda da mənfi nüanslar ortaya çıxa bilər.
"Təbii ki, belə hallarda mənfi nüanslar çox ola bilər. Tərəflər arasında bir çox məsələlərlə bağlı mövcud bazalar üzərində razılıqlar əldə olunub. Azərbaycan və Ermənistan da məhz bu baza üzərindən danışıqları davam etdirirlər. Ermənistan bizim ərazi bütövlüyümüzü rəsmən tanıyıb. Bu da Brüssel görüşünün nəticəsidir".
İ.Vəlizadə vurğulayıb ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, deməli bizim daxili işimizə də qarışa bilməz:
"Nəinki onlar, həm Qərb, həm də Rusiya Azərbaycanın daxili işi olan Qarabağ məsələsindən uzaq durmalıdır. Yəni vasitəçilik rolunu oynamaq istəyən dövlətlər Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlarla bağlı xüsusi bir mexanizm təşkil etmək istəsə, biz onu rədd edə bilərik. Çünki Paşinyan və Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyün tanıyıb, onların verdiyi təklif ərazi bütövlüyümüzə qarşı atılan addımdır və bunu qəbul etməməliyik. Qısacası, hərhansı danışıqların pozulmasında və ya digər məsələlərdən danışırıqsa, ilk olaraq qeydolunan mövzunu göz önünə gətirməliyik. Əldə olunan razılıqlar Azərbaycana əsas verir ki, bütün təhdidlərin qarşısını almaq üçün adekvat addımlar atsın".
Siyasi şərhçi Yeganə Hacıyeva isə söyləyib ki, Avropa və Rusiyanın tərəflər arasında görüş təşkil etməkdə maraqları fərqlidir.
"Avropa İttifaqı ilə Rusiyanın Cənubi Qafqazda bir sövdələşmə elementini müşahidə etməkdəyik. Təbii ki, burada da Fransa vacib rol oynayır. Ukrayna müharibəsində uğursuzluğa düçar olan Rusiya Aİ və Çinə bir sıra bölgələrdə güzəştə gedir. Məhz o regionlardan biri də Cənubi Qafqazdır. Burada Aİ-nin və ABŞ-ın maraqları tamamilə fərqlidir. Rusiya üçün halhazırki vacib məsələ Cənubi Qafqazda olan mövcud vəziyyətin dəyişməməsidir. Yəni nə sülh olsun, nə də müharibə", - deyə o bildirib.
Y.Hacıyevanın fikrincə, Aİ Azərbaycan və Ermənistan arasında görüşlərin təşkil edilməsini regionda nüfuzunun artması kimi dəyərləndirir:
"Amerikanın isə buna ehtiyyacı yoxdur. Çünki ABŞ-ın hər iki tərəfə də kifayət qədər təsir etmək imkanları var. İndiki mərhələdə Rusiya və Avropa İttifaqı arasında sövdələşmənin olması Cənubi Qafqazda sülh üçün heçnə vəd etmir. Aİ danışıqların öz mövqeylərinin möhkəmlənməsi ilə paralel aparılmasını istəyir. ABŞ isə danışıqlarda irəliləyişin olmasını və sülh müqaviləsinin imzalanmasını istəyir. Sülh müqaviləsinin isə imzalanması isə Rusiya ilə sövdələşən Avropa ölkələri üçün başqa şərtlər gətirəcək deyə bunun qarşısını almaq istəyir. Halhazırkı mərhələdə Aİ Ukraynaya dəstəyini azaltmaq qarşılığında Cənubi Qafqazda Rusiyadan mövqelərini bərkitmək yönündə addımlar gözləyir. Rusiya da bunu edir".