Son bir ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilməyə başlayıb.
Belə ki, mayın 1-dən 4-nə kimi Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş keçirilib. ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlarda nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər.
Tərəflər arasında növbəti görüş isə mayın 14-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Brüsseldə olub.
Görüş zamanı sülh müqaviləsi yenidən müzakirə edilib. Dövlət başçıları səviyyəsində növbəti görüş mayın 25-də Moskvada, iyun ayında Kişinyovda, iyul ayında isə yenidən Brüsseldə olacağı gözlənilir.
Son olaraq mayın 19-da isə Moskvada yenidən XİN başçıları səviyyəsində növbəti görüş keçirilib. Lavrovun iştirakı ilə baş tutan görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması barədə müzakirələr aparılıb.
XİN-in yaydığı məlumatda qeyd olunub ki, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər.
Bundan əlavə, nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. XİN başçıları, həmçininin Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildirib, müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Keçirilən görüşün nəticəsi, sülh müqaviləsi üçün vasitəçi dövlətlərin gördüyü işlər barədə rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov "Modern.az"a danışıb.
Onun sözlərinə görə, sülh müqaviləsi Rusiyanın vasitəsi ilə ola bilər:
“Rusiya Cənubi Qafqazda sülhün tərəfdarıdır. Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Bu görüşdə təbii ki, müəyyən razılaşmanın əldə olunacağına inanmaq olar. Deyə bilərik ki, Rusiya hazırda tərəflər üçün ən ideal vasitəçidir. Bundan əvvəl tərəflər arasında görüş Amerikada keçirilib. Görüşün bir neçə gün davam etməsinə baxmayaraq, deyə bimərik ki, ciddi razılaşmalar əldə olunub. Rusiyada isə danışıqlar davamlı olacaq.

İlk olaraq XİN başçılarının görüşündən sonra dövlət başçıları səviyyəsində görüş planlaşdırılır. Müəyyən razılıqlar əldə olunarsa, deyə bilərik ki, növbəti görüşdə artıq sülh müqaviləsi üçün müəyyən addımlar atılacaq. Etiraf etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün vasitəçi olmağa çalışan qüvvələr var. Bu vasitəçilərin bəziləri “canfəşanlıq” etsə də, həqiqi sülh istəyən qüvvələr azdır. Ümumiyyətlə, sülh müqaviləsinin bağlanması üçün bu ay həm ABŞ, həm də Rusiyanın atdığı addımlar təqdirə layiqdir. Bu vasitəçilərdən hansının daha irəli gedəcəyini görmək üçün gözləmək lazımdır. Amma düşünürəm ki, Rusiyada ard-arda keçiriləcək olan görüşlər onu bir addım qabağa salacaq. Tərəflər Rusiya ilə sülhə yaxın ola bilərlər. Rusiyanın bu şansı qaçıracağını düşünmürəm”.