Azərbaycan-İsrail münasibətlərinin mövcud səviyyəsi hər iki ölkənin timsalında mədəniyyətlərarası dialoqun və əməkdaşlığın nə qədər böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirir və ksenofobiya, islamafobiya kimi amillərin qlobal geosiyasi mübarizədə ideoloji faktor kimi istifadə edildiyi müasir dünyada nümunə olacaq yeganə əməkdaşlıq modeli hesab oluna bilər.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Millət vəkilinin sözlərinə görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir: “Şübhəsiz ki, bu əlaqələlərin böyük inkişaf perspektivi var və 2023-cü ildə İsraildə Azərbaycan səfirliyinin açılması, eləcə də İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişafına böyük töhfə verəcək”.
Azər Kərimli Azərbaycanın antisemitizmin olmadığı azsaylı ölkələrdən biri olduğuna da diqqət çəkib və yəhudi icmasının ölkəmizdə əsrlər boyu yaşadığını, ölkəmizi özlərinə Vətən hesab etdiklərini və hətta Azərbaycandan başqa ölkələrə köçdükdən sonra da tarixi Vətənləri ilə əlaqələri qoruyub saxladıqlarını bildirib:
“Bu, bizim ölkənin böyük dəyəridir. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birlikdə döyüşüblər, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban veriblər. Yəhudilərin müsəlmanlarla birlikdə öz Vətənlərinin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə döyüşməsi haqqın, ədalətin, qardaşlığın, Vətən sevgisinin nə qədər böyük bir dəyər olduğunu nümayiş etdirir”.
Millət vəkili İsraildə yaşayan azərbaycanlıların ölkələrimiz arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynadıqlarını, Azərbaycana hər zaman böyük sevgi ilə yanaşdıqlarını vurğulayıb:
“Təkcə İsraildə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi mənşəli azərbaycanlılar Azərbaycan diasporunun işində fəal iştirak edir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bütün bunlar bir daha sübuta yetirir ki, multikultiralizm və Vətən sevgisi Azərbaycanla bağlı olan bütün insanlara xas xüsusiyyət olmaqla yanaşı, bizi birləşdirən ən böyük dəyərdir”.