Modern.az

Əliyev-Zelenski görüşü bizi daha da cəsarətləndirdi - Ukraynadan AÇIQLAMA

Əliyev-Zelenski görüşü bizi daha da cəsarətləndirdi - Ukraynadan AÇIQLAMA

Aktual

3 İyun 2023, 10:07

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Dövlətlər arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

 

Zelenski sosial şəbəkə hesabında görüşlə bağlı paylaşım edib. Paylaşımda qeyd olunub ki, Azərbaycanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndirir:

 

"Ölkəmizin gələcək yenidənqurmasında yardıma ümid edirik. Müharibədən sonrakı dövrdə biz Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını gözləyirik. Biz Ukrayna sülh formulu əsasında sabit və ədalətli sülhə nail olmaq üçün Ukraynanın təşəbbüslərini dəstəkləməkdə Azərbaycanın fəal iştirakına inanırıq”, - Zelenski yazıb.

 

Bəs, Ukraynda yaşayan azərbaycanlılar görüşlə bağlı nə düşünür?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin xarici siyasətlə bağlı atdığı addımlar, xarici siyasətdə tutduğu kurs qürbətdə yaşayan bütün azərbaycanlılar tərəfindən bəyənilir:

 

“Azərbaycanın xarici siyasəti çox mükəmməldir. Buna Prezidentin şəxsi keyfiyyətlərini əlavə edəndə həqiqətən də ortaya çox güclü lider və güclü Azərbaycan obrazı çıxır. Biz uğurlu nəticələrin şahidi oluruq. Qürbətdə yaşayan bütün azərbaycanlılar İlham Əliyevin xarici siyasəti ilə qürur duyur və onunla fəxr edirlər”. 

 

 

C.Məmmədovun fikrincə, Azərbaycanın Ukraynanın yenidənqurulmasında iştirakı məsələsi yaxın gələcəkdə gündəmə gələ bilər:

 

“Ukrayna və Azərbaycan Prezidentləri arasındakı görüşü buradakı azərbaycanlılar həssaslıqla izləyirlər. Çünki iki ölkə arasında əlaqələrin yaxşı olması buradakı soydaşlarımız üçün həm qürur mənbəyidir, həm də insan özünün biraz da təhlükəsiz və güvəndə olduğunu hiss edir. Zelenskinin müharibədən əvvəl elan etdiyi strateji əməkdaşlar sırasına Azərbaycanı da daxil etmişdi. Azərbaycanın Ukraynanın yenidənqurulması işlərində iştirakı məsələsinin yaxın gələcəkdə  gündəmə gələcəyini düşünürəm. Ukraynadakı dağıntılar çox böyükdür. Ukrayna minatəmizləmə zamanı Azərbaycanın təcrübəsindən istifadə edəcək. İşğaldan azad olunmuş ərazilərin rekonstruksiyası ilə bağlı  Azərbaycan bir addım öndədir. Ümumiyyətlə, Azərbaycan ilə Ukrayna arasında qədər bağlılığı var. Demək olar ki, dostumuz, düşmənimiz eynidir. İki ölkə arasındakı Azərbaycan Demokratik Respublikası vaxtından başlanan əlaqələr hər zaman davam edib. Sovet vaxtında da, müstəqillik dövründə də bu əlaqələr özünü göstərib”.

 

O vurğulayıb ki, Azərbaycan Ukraynaya həmişə stimul olub:

 

“44 günlük zəfərdən sonra ukraynalılar bunu özlərinə necə tətbiq edəcəkləri barədə düşünürlər. Bizim görüşdüyümüz siyasi xadimlər, jurnalistlər, ekspertlər hamısı soruşurdu ki, Azərbaycanın Qarabağdakı 44 günlük zəfərini Ukraynaya necə adaptasiya edə bilərik. Azərbaycanın Qarabağdakı zəfəri Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə motivasiyadır. Azərbaycan Qarabağda qazandığı zəfər ilə rus ordusu mifini yaraladı. Rus ordusu Ukraynada öldü. Azərbaycanlıların 30 il ərzində qurulan böyük istehkamları 44 gündə məhv etməsi onları həvəsləndirirdi. Mənim bu görüşdə bəyəndiyim məsələlərdən biri də Zelenskinin bu görüşü öz instaqram səhifəsində paylaşması oldu. Orada Prezident İlham Əliyevə təşəkkür etdi. Orada çox incə məqama  toxundu. Qeyd etdi ki, biz Azərbaycan Ukraynanın sülh planı çərçivəsində məsələlərin həll olunmasına töhfə verəcək. Burada öz gözləntisini də dilə gətirir.  Mən inanıram ki, Azərbaycan özünün mürəkkəb geosiyasi vəziyyətinə baxmayaraq, o plana bir şəkildə dəstək verəcək. Bu görüş həm də Zelenskiyə mənəvi dəstək olacaq. Zelenski bundan əvvəldə öz sosial şəbəkə hesablarından Azərbaycana təşəkkür etmişdi. Bu təşəkkürün əsas səbəbi Azərbaycanın Ukraynaya humanitar yardımları ilə bağlı idi.

 

Ukrayna Prezidenti ilə Azərbaycan Prezidenti həm öz aralarındakı, həm də dövlətlərarası isti münasibətləri qoruyub saxlayırlar. Bu da buradakı azərbaycanlıları daha da cəsarətləndirir. Güvən hissi verir və sevindirir. Yaşadığın ölkə sənin ana vətəninlə yaxşı münasibətlər saxlayır, doğulduğun ölkə sənin yaşadığın ölkə ilə isti münasibətlər içərisindədir. Bundan gözəl nə ola bilər”.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?