Modern.az

Siyasətin “İsa Məsihi”, Putinin sadiq dostu, gözəl qızların “qənimi”…

Siyasətin “İsa Məsihi”, Putinin sadiq dostu, gözəl qızların “qənimi”…

12 İyun 2023, 16:46

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni vəfat edib. Dörd dəfə ölkəyə rəhbərlik edən, indiyədək 50-dən çox cinayət işində ittiham olunan qalmaqallı siyasətçi  86 yaşında vəfat edib.

 

Modern.az bildirir ki, Berluskoni 29 sentyabr 1936-cı ildə İtaliyanın Milan şəhərində anadan olub.

 

Onun ailəsi zəngin olmayıb. Belə ki, atası Luisi Berluskoni bankda işləyirdi, anası Rosella Bossi isə evdar qadın idi. Orta məktəbi katoliklərə məxsus liseydə başa vuran Silvio Milan Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Reklam biznesinin hüquqi tənzimlənməsi problemlərinə dair dissertasiya işinə görə mükafata layiq görülüb.

 

Berluskoni tələbə olarkən bir sıra xırda işlərlə məşğul olub – məişət əşyaları satıb, toy və yas mərasimlərində fotoqraflıqla məşğul olub, gecə klublarında çalışıb, kreyser gəmilərində oxuyub və kontrabasda ifa edib.

 

 

1957-ci ildə Berluskoni ilk daimi işinə “Immobiliare costruzioni” tikinti şirkətində başlayıb. 1961-ci ildə o, özünün “Cantieri Riuniti Milane”si adlı ilk kiçik şirkətini, bir il sonra isə “Edilnord” şirkətini yaradıb. Növbəti 20 il ərzində tikinti biznesi onun əsas fəaliyyət sahəsi olub.

 

70-ci illərdə Silvio Berluskoni məşhur həftəlik "Il Giornale" qəzetinin səhmlərini alıb. 1980-ci ildə İtaliyada ilk milli kommersiya televiziyası olan “Canale 5”i yaradıb. Bir neçə il sonra onun "İtalia" və "Retequatro" telekanalları fəaliyyətə başlayıb, ardınca “Mediaset” adlı media holdinqi yaradılıb. Tezliklə Silvio Berluskoni xarici telekommunikasiya bazarına daxil olub və holdinqinə Fransa, Almaniya və İspaniya telekanallarını əlavə edib. Daha sonra Berluskoninin bütün layihələri - media, sığorta, tikinti, bankçılıq və digər sahələrdə 150-dən çox firma “Fininvest” holdinqə birləşdirilib.

 

Silvio Berluskoni iki dəfə rəsmi nikahda olub. İlk həyat yoldaşı Karla Elvira Delloglio ilə 20 il evli qalıb. Cütlüyün oğlu Piersilvio və qızı Marina atalarının tikinti işində çalışırlar. 1990-cı ildə Berluskoni italyan aktrisa Veronika Lario ilə evlənib. İkinci evliliyindən Berluskoninin üç övladı var - qızları Barbara, Eleanor və oğlu Luisi.

 

Bir neçə il əvvəl onun 30 yaşlı Marta Faşina adlı qadınla eşq yaşadığı barədə xəbərlər yayılıb.

 

Fotoda: Berluskoni 30 yaşlı Marta Faşina ilə

 

Siyasi karyerası

 

Berluskoni 1990-cı illərdə rüşvətxorluqda ittiham edilib, bundan sonra diqqətini siyasətə yönəldib. O, 1994-cü il yanvarın 26-da “Fininvest” holdinqinin rəhbəri vəzifəsindən istefa verib və elə həmin il partiya yaradaraq parlament seçkilərinə qatılıb. Partiyanın adı futbol azarkeşlərinin istifadə etdiyi "Forza, Italia" ("İrəli, İtaliya") sözündən götürülüb.

 

27 mart 1994-cü ildə “Forza, Italia” parlamentdə neofaşistlər və Şimal Liqası ilə geniş koalisiya yaradaraq ən çox səs qazanan siyasi qüvvə olub. Nəticədə Silvio Berluskoni qələbə qazanıb və o, ilk dəfə İtaliyanın Baş naziri seçilib. Lakin Baş nazir Berluskoninin rəhbərlik etdiyi hökumət bir ildən az fəaliyyət göstərib, fikir ayrılıqlarına görə Şimal Liqası koalisiyadan çıxıb və parlamentdə çoxluğunu itirən hökumət istefaya getməyə məcbur olub. 1996-cı il seçkilərində onun rəqibi Romano Prodinin mərkəz-solçu partiyası qalib gəlib.

 

2001-ci ildə Berluskoni "Azadlıqlar Evi" adlı yeni koalisiyanın rəhbəri kimi yenidən baş nazir vəzifəsinə qayıdıb. Seçki kampaniyası zamanı o, ciddi iqtisadi islahatlar aparacağına, vergi sisteminin sadələşdiriləcəyinə, pensiyaların artırılacağına söz verib. Lakin vədlərinə əməl edə bilməyib. Avronun dövriyyəyə buraxılması, ABŞ-ın İraqa qoşun yeritməsinə dəstək kimi addımlar onun reytinqinin düşməsinə səbəb olub və 2006-cı ildə Romano Prodinin mərkəz sol koalisiyasına uduzub.

 

 

Lakin Prodi hökuməti ciddi çətinliklərlə üzləşib və iki ildən sonra, 2008-ci ilin aprelində siyasi böhran nəticəsində istefa verib, Berluskoni yenidən İtaliyanın baş naziri seçilib. Berluskoni və parlamentin aşağı palatasının spikeri Canfranko Fini arasında ciddi fikir ayrılıqları yaranmışdı. O, 2010-cu ilin dekabrında etimadsızlıq səsverməsindən xilas olsa da, zaman keçdikcə dəstəyi azalıb. Bununla belə, Berluskoni 2011-ci ilin oktyabr ayına qədər baş nazir vəzifəsini icra edib. Lakin Berluskoni təslim olmayıb. 2012-ci ildə yenidən baş nazir olmaq istədiyini açıqlayıb və 2013-cü il seçkilərində onun partiyası Pyer Bersaninin sol mərkəzçi Demokrat Partiyasına cəmi 1% səs fərqi ilə məğlub olub.

 

2018-ci ilin mayında Milan Məhkəməsi Berluskoninin hüquqlarını bərpa edib və onun seçkilərdə iştirakına icazə verib. 26 may 2019-cu ildə Avropa seçkilərinin nəticələrindən sonra onun partiyasını seçicilərin cəmi 8,78%-i dəstəkləyib. Bununla belə, mərkəzi bölgələr istisna olmaqla, bütün ərazilərdə partiya siyahılarına başçılıq edən Berluskoni Avropa Parlamentinə daxil olub.

 

Cinayət işləri

 

Siyasətçi 50 dəfədən çox müxtəlif cinayət işlərində müttəhim olub. Onların arasında rüşvətxorluq, böyük fırıldaqçılıq, vergidən yayınma, yetkinlik yaşına çatmayan qadınlarla əlaqədə olmaq iddiaları da yer alıb. İttihamlardan birinə əsasən, o, qocalar evində bir il ictimai işlərə məhkum edilib. Həmin vaxt mətbuata açıqlama verən Silvio Berluskoni cəzasını çəkməkdən həzz aldığını demişdi.

 

Berluskoni Rubi kimi tanınan azyaşlı Karima Mahrouqla cinsi əlaqədə olmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onu polisdən azad etməyə çalışmaq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qız Berluskoni ilə cinsi əlaqədə olduğunu inkar edib.

 

Fotoda: Karima Mahrouq

 

Berluskoni heç vaxt həbsxanaya düşməyib, onun vəkilləri tam bəraət qazana biliblər. 2014-cü il iyulun 18-də Milan Apellyasiya Məhkəməsi kifayət qədər sübut və cinayət tərkibinin olmaması səbəbindən çıxarılan bütün hökmləri ləğv edib.

 

Silvio Berluskoni plastik əməliyyatlara aludəçiliyi ilə tanınıb. 2004-cü ildə siyasətçi plastik əməliyyat keçirdiyini, xüsusən də "göz ətrafındakı qırışları hamarlaşdırdığını" rəsmən təsdiqləyib. 2009-cu ilin dekabrında İtaliyanın Baş naziri olarkən hücuma məruz qalıb, onun üzünə suvenir heykəlcik atılıb, nəticədə dişləri sınıb, burnu qırılıb və üst dodağı zədələnib. Daha sonra hücum edən şəxs Baş nazirdən üzr istəyib və hərəkətini “siyasətindən narazılıq” kimi izah edib.

 

Putinlə dostluq əlaqəsi

 

Silvio Berluskoninin siyasətdəki əsas dostlarından və müttəfiqlərindən biri Rusiya Prezidenti Vladimir Putin olub. İtaliyanın Baş naziri dəfələrlə “dostu Vladimir”i “Certosa” villasına dəvət edib və Vladimir Putin cavab olaraq onu Soçidəki “Boçarov Ruçei” iqamətgahına çağırıb. Onların görüşləri çox vaxt dost və qeyri-rəsmi xarakter daşıyıb.

 

 

2001-ci ilin iyulunda Genuyada keçirilən G8 sammitində görüşən liderlər bundan sonra iki il yarım ərzində 8 dəfə görüş keçiriblər. Mətbuat 2003-cü ilin avqustunda Putinin qızlarının Berluskoninin villasında istirahət etdiyini yazıb. Rusiya prezidentinin özü üç gün orada qalıb və villanı “qəşəng yer” adlandırıb. Berluskoni Putinin doğum günü üçün Rusiyaya bir neçə dəfə qeyri-rəsmi səfər edib.

 

Berluskoni dəfələrlə Çeçenistan, insan haqları, Gürcüstan və Ukrayna ilə bağlı mövzularda Kremli dəstəkləyib, buna görə Qərbdə tənqid olunub.

 

“WikiLeaks”in dərc etdiyi sənədlərin birində deyilir ki, İtaliyanın Baş naziri nəyin bahasına olursa-olsun Putinin xeyrinə olmağa çalışıb və tez-tez Putinin birbaşa təlqin etdiyi fikirləri ifadə edib, çünki Putinin oyunbazlığı, iradəli və avtoritar üslubu onu heyran edib.

 

2011-ci ildə istefa verdikdən sonra Putin onu Avropa siyasətinin sonuncu mogikanlarından biri, 2015-ci ildə isə dost və müttəfiq adlandırıb. 2013-cü ildə Romaya səfərə gedən Putin əvvəlcə Berluskoninin villasını ziyarət edib, bundan sonra Baş nazir Enriko Letta ilə görüşüb. 2014-cü ildə Berluskoni Ukraynanın şərqində separatçı “xalq respublikaları”nın elan edilməsinə rəğbət bəslədiyini bildirib. "Ukraynaya gəldikdə, mən Avropa İttifaqı və ABŞ-ın siyasəti ilə tamamilə razı deyiləm. Krımın sakinləri rus dilində danışır, referendumda Rusiyaya qoşulmaq üçün səs veriblər. Sanksiya tətbiq etmək yanlış siyasi qərardır", - o deyib.

 

2015-ci il sentyabrın 11-də Berluskoni Putinlə birlikdə ilhaq edilən Sevastopola səfər edib. Bu səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti onun ölkəyə girişinə qadağa qoyub.

 

 

“Mən siyasətdə İsa Məsihəm. Hamı ilə dil tapıram, özümü hamıya qurban verirəm” - Berluskoni

 

Silvio Berluskoni özünü "Milan"ın ən böyük azarkeşi adlandırırdı. 1984-cü ildə B divizionunda olan klubunu yüksək liqaya aparacağına söz verib. İş adamı vədinə əməl edib, sonradan "Milan" səkkiz dəfə İtaliya çempionluğunu (1988, 1992 - 1994, 1996, 1999, 2004 və 2011), beş dəfə Çempionlar Liqasını (1989, 1990, 1994, 200 və 200-ci illərdə) qazanıb. Həmin illərdə Berluskoninin populyarlığı görünməmiş zirvələrə çatıb və Milanın sadiq azarkeşlərinin böyük hissəsi seçkilərdə ona səs verib.

 

Keçmiş Baş nazirin villasında keçirilən ziyafətlər mətbuatda böyük maraq doğurub. Berluskoni dostlarını, eləcə də xarici dövlətlərin rəhbərlərini partilərə dəvət edib. KİV-in məlumatına görə, intim xidmətlərin göstərilməsi partiyanın proqramının tərkib hissəsi olub. Belə bir məclisin qonaqlarından biri olan Çexiyanın baş naziri Mirek Topolanekin çılpaq fotolarının mətbuatda dərc olunması böyük qalmaqal doğurub.

 

Silvio Berluskoni Liviyanın sabiq lideri Müəmmər Qəddafinin Avropadakı siyasi müttəfiqlərindən biri hesab olunurdu. Təsadüfi deyil ki, 30 avqust 2008-ci ildə Liviya və İtaliya arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalanıb.

 

Xəstəlik

 

26 noyabr 2006-cı ildə Silvio Berluskoni tərəfdarları qarşısında danışarkən huşunu itirib. Siyasətçi huşunu itirməsini dəhşətli isti və havasızlıqla izah edib. Lakin bəzi KİV-lər sabiq məmurun xəstəliyini korrupsiya dinləmələri ilə əlaqələndiriblər. 2020-ci ilin sentyabrında o, koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib. Xəstəxanadan çıxandan sonra Berluskoni koronavirusla mübarizəni "həyatının ən təhlükəli sınağı" adlandırıb.

 

 

İtaliyanın keçmiş Baş naziri aprelin əvvəlində Milan klinikalarından birinə yerləşdirilib və 1 aydan çox orada qalıb. Daha sonra Berluskoni miyelomonositar leykemiya və pnevmoniyaya görə xəstəxanada müalicə alıb. Evə buraxıldıqdan bir müddət sonra yenidən Milanın San Raffaele klinikasına yerləşdirilib, iyunun 12-də 86 yaşında dünyasını dəyişib.

 

Modern.az Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?