Modern.az

Ərdoğanın Bakı səfərindəki MESAJLAR: Zəngəzur dəhlizi, hərbi əməkdaşlıq...

Ərdoğanın Bakı səfərindəki MESAJLAR: Zəngəzur dəhlizi, hərbi əməkdaşlıq...

Aktual

14 İyun 2023, 13:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-14-də Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş turan səfər zamanı Ərdoğanı xanımı Əminə Ərdoğan, Türkiyənin yeni hökumətinin əsas üzvləri, ATA İttifaqının prezident seçkilərində namizədi olmuş Sinan Oğan və digər şəxslər müşayiət edib.

 

Birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirib ki, Ərdoğanla görüşdə növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı, həmçinin Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açıldığını diqqətə çatdırıb.

 

“Bu gün biz sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir”, - Prezident deyib.

 

Azərbaycan və Türkiyə liderlərinin görüşü zamanı Zəngəzur dəhlizi də gündəmdə olub. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu vurğulayıb. Ərdoğan isə Zəngəzur dəhlizini "üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz" məsələ adlandırıb.

 

"Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələr də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsinə imkan verəcək", - Türkiyə lideri bildirib.

 

O, həmçinin Türkiyənin Şuşada Baş konsulluğunun açılmasına məsələsinə də toxunub: “Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq”.

 

Ərdoğanın yenidən seçilməsindən sonra Azərbaycana ilk səfərinin və səsləndirdiyi mesajların siyasi əhəmiyyətini necə qiymətləndirmək olar?

 

Mövzunu Modern.az-a şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyir ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsi çox mühüm hadisədir.


"Yeni hökumətin əksər üzvləri ölkəmizdə idi. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev arasında olan təkbətək görüşdə mühüm məsələlər müzakirə edilib. İki lider Zəngəzur dəhlizinin açılması ilə bağlı önəmli mesajlar verdi. Ərdoğan bu məsələnin həll olunmasının vacibliyini bir daha vurğuladı. Həmçinin, ordu quruculuğunda da əməkdaşlıqla bağlı müzakirələrin aparılması məlumdur", - deyə politoloq bildirib. 

 


 

Qabil Hüseynlinin fikrincə, Türkiyənin digər türk dövlətləri ilə münasibətlərinin inkişaf etdirilməsində Azərbaycan əsilli siyasətçi, prezidentliyə keçmiş namizəd Sinan Oğanın xidmətləri ola bilər:

 

"Sinan Oğanın Ərdoğanla birlikdə Bakıya səfər etməsi çox önəmli bir addımdır. Oğan özü azərbaycanlıdır və Ərdoğanın seçkilərdə qalib gəlməsində mühüm rol oynayan simalardan biridir. Onun Ərdoğanın komandasına daxil edilib-edilməyəcəyini indidən söyləmək çətindir. Ancaq hər bir halda Sinan Oğanın Azərbaycan və Türkiyə, həmçinin qardaş ölkənin digər türk dövlətləri ilə əlaqələrinin inkişaf etməsində önəmli rolu olacaq. Mənim fikrimcə, o, Türkiyənin Türk Dövlətləri Birliyindəki fəaliyyətindən məsul olan şəxsə çevrilə bilər".

 

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq dünya ölkələri tərəfindən ciddi qəbul edilir:

 

"Ərdoğan dəfələrlə bildirib ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın dünyada bənzəri yoxdur. Bu, dünya ölkələri tərəfindən də ciddi qəbul edilir. Hakan Fidanla Ceyhun Bayramovun birlikdə beynəlxalq tədbirə qatılması Azərbaycan-Türkiyə birliyinin çox möhkəm olduğunu göstərir. Əlbəttə, bundan sonra da münasibətlər yüksək səviyyədə saxlanılacaq. Buna heç kimin şübhəsi olmasın. Həmçinin Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə Zakir Həsənov arasında keçirilən görüşdə yeni qoşun növlərinin formalaşdırılmasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Digər məxfi təyinatlı hərbi dəstələrin də inkişaf etməsində qardaş ölkənin böyük rolu var. Biz bilirik ki, artıq "Bayraktar"ın müxtəlif növlərinin Azərbaycanda istehsalı barədə razılaşma əldə edilib və bu, həyata keçirilməkdədir". 


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da bildirib ki, Ərdoğanın seçkidən sonra Şimali Kipr və Azərbaycana səfər etməsi mühüm siyasi əhəmiyyətə malikdir.


"Bu səfər həm də dünyaya bir mesajdır. Şübhəsiz ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək. Hər iki dövlətin strateji məqsədləri bəllidir. Türkiyənin Prezidenti yeni bir kabinetlə ölkəmizə gəldi. Ötən gün demək olar ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq şurasının iclası olub. Çünki iki ölkə arasında xüsusi bir qurum var və mütəmadi olaraq onlar arasında görüşlər keçirilir. Görüşlərdə əməkdaşlıq üçün hansısa cizgilər müəyyən olunub",- eks-nazir söyləyib.

 

 

T.Zülfüqarov əlavə edib ki, Hakan Fidanla Ceyhun Bayramovun eyni otaqdan onlayn tədbirdə iştirak etməsi ciddi mesajdır:

 

"Bu, o deməkdir ki, Azərbaycanla Türkiyə hərbi, iqtisadi və siyasi arenada ən yüksək səviyyədə əməkdaşlıq edir. Ümumiyyətlə, iki ölkə arasında olan münasibətin dünyada qarşılığı yoxdur. Azərbaycan və Türkiyə arasındakı yaxınlıq bir neçə nəsil siyasətçilərin çəkdikləri əziyyətin nəticəsidir. Ərdoğanın yenidən seçildikdən sonra ölkəmizə gəlməsi bir daha onu göstərir ki, həm Türkiyə, həm də Azərbaycan siyasətinin ana xətti bundan sonra da davam edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu