Modern.az

Ermənistanı təxribata kimlər \"həvəsləndirir\"... - Türkiyəli ekspert cavablandırır

Ermənistanı təxribata kimlər \

16 İyun 2023, 12:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin ardından Ermənistan sərhəddə təxribatlar törətməyə başlayıb. Əvvəlcə Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub. Dünən isə Ermənistan ordusu Laçın sərhəd-keçid məntəqəsində hərbçilərimizə atəş açıb, onlardan birini yaralayıb. 

 

Azərbaycan ordusu düşmənə layiqli cavab verib, Ermənistanın atəş nöqtələri susdurulub, hərbçilərimizə atəş açılan post məhv edilib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşada Türkiyənin Baş konsulluğunun açılacağını deməsi Ermənistanı və onların havadarlarını təşvişə salıb, buna görə belə təxribata əl atırlar.

 

"Cənab Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə etdi. Elə həmin gün cənab Rəcəb Tayyib Ərdoğan bir millət, iki dövlət olduğumuz can Azərbaycana səfər etdi. Cənab İlham Əliyevlə görüşdə dünyaya çox gözəl mesajlar verdi. Bu mesajların ən önəmlisi Şuşada Türkiyə Cümhuriyyətinin Baş konsulluğunun açılması oldu. Bu bütün dünyaya və Ermənistana mesajdır. 30 il işğal altında qalan və 44 günlük savaşla azad edilən Qarabağ torpağının yenidən can Azərbaycanın ayrılmaz parçası olduğunun ikinci dəfə rəsmiləşməsidir. Baş konsulluq açılacaq. Türkiyə Cümhuriyyətinin açdığı bu konsulluq bütün dünya tərəfindən tanınacaq. 44 günlük Vətən müharibəsində minlərlə şəhid verdik. 30 il boyunca bizə zülm edildi. Buna bütün dünya səssiz qaldı. Müharibə Azərbaycanın misilsiz qələbəsi ilə başa çatsa da, hələ də dünyanın  bir çox ölkəsi, xüsusilə də Avropa, Amerika və Fransa kimi  ölkələr bu nailiyyətə, qələbəyə kölgə salmağa çalışır", - ekspert vurğulayıb.

 

İmbat Muğlu vurğulayıb ki, Baş konsulluğun açılması dünya tarixinə düşəcək məsələdir:

 

"Hər iki Prezidentimiz bunu bir an öncə reallaşdıracaqlarını söylədi. Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün başda Ermənistan, 40 milyon soydaşımızın yaşadığı İran iqtisadi dəhlizin açılmasının qarşısını almaq üçün əlindən gələn hər şeyi edirlər. Bu dəhlizin dərhal açılmasının vacib olduğunu dilə gətirirlər. Bunları eşidən Ermənistan, ona dəstək verən avropalı tərəfdaşları və İran bölgədə qeyri-stabil vəziyyət yaratmaq istəyirlər. Bu regionda yenidən qeyri-stabil vəziyyət olduğunu dünyaya çatdırmaq istəyirlər. Deyirlər ki, bax, burada güvənli vəziyyət yoxdur, Türkiyə Baş konsulluğunu açsa da, Amerika, Fransa, Almaniya burada baş konsulluqlarını açmasın. Hər gün burada hadisələr yaşanır, atışmalar olur. Ermənistanın son hərəkətləri bununla bağlıdır".

 

Onun sözlərinə görə, Ermənistan bu qərarı təkbaşına almayıb: “Bu Ermənistanın, Paşinyan hökumətinin təkbaşına verdiyi qərar deyil. Onun himayədarlarının qərarıdır. Bu ölkələrin başında Fransa və İran gəlir. Ancaq nə istəyirlərsə etsinlər. Türkiyə Cümhuriyyəti və can Azərbaycan Cümhuriyyətinin liderləri artıq əllərini masaya vurublar. Bu olacaq deyirlərsə, olacaq. Can Azərbaycanın Ordusu və təhlükəsizlik əməkdaşları onların törətdiyi təxribata layiqli cavab verəcəklər”.

 

İmbat Muğlu vurğulayıb ki, Ermənistan bu hərəkətləri ilə digər torpaqlarımızın daha tez azad olunmasına səbəb olacaq:

 

“Can Azərbaycan Ordusu zəfər qazanmış olsa da, hər zaman hazır vəziyyətdədir. Ermənistanın təxribatçı olduğunu bildiyi üçün Azərbaycan bununla bağlı olaraq tədbirlər görəcək. Lazım olan cavabı verəcək. Biz millət olaraq hər zaman sülh tərəfdarıyıq. Ancaq söhbət vətənimizin təhlükəsizliyi, bütövlüyündən gedirsə, buna misli ilə cavab veriləcək. Can Azərbaycan Ordusu təcrübəlidir. 44 günlük zəfərlə tarixə düşüb. Lazım gələrsə, bu zəfərin eynisini qazanacaq. Ermənistan və Ermənistan Ordusunu dəstəkləyənlər özlərinə ziyan vurmaqdadırlar. Mən inanıram ki, bu, digər özbəöz torpaqlarımızın da düşməndən azad olunmasına vəsilə olacaq. "Hər şərdə bir xeyir var" deyiblər atalarımız. Ermənistan qırmızı xətti keçdiyini bir daha göstərib, 3-cü Qarabağ müharibəsi başladacaq. Beləliklə də, digər özbəöz ərazilərimiz də işğaldan azad ediləcək. 2023-cü ilin sonuna kimi bu reallaşacaq, inşallah. Mən buna çox inanıram. Buna onlar səbrimizi sınağa çəkərək vəsilə olacaq. Bu torpaqlar onsuz da nə vaxtsa, azad ediləcək. Ancaq Ermənistanın, Paşinyanın qırmız xətti keçməsinə görə bu iş daha tez gerçəkləşəcək. Qəzamız mübarək olsun”.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?