Modern.az

Çağdaş təbabət: Yeniliklər və müasir yanaşmalar - FOTO

Çağdaş təbabət: Yeniliklər və müasir yanaşmalar - FOTO

22 İyun 2023, 16:57

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Çağdaş təbabət: Yeniliklər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 

Modern.az xəbər verir ki, konfransın açılış mərasimində Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfədən danışıb.

 

 

“Azərbaycan xalqına xidmətinin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, sağlam gələcəyinin təmin edilməsinə diqqət və qayğısı sonsuz idi. Onun bu sahədə fəaliyyəti çoxşaxəli olub. Ulu Öndərin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir", - o deyib.


Ə.Əliyev qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb.

 

"Bu, Mehriban xanımın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Onun dəstəyi nəticəsində klinik bazalara Azərbaycanın klinikaları daxil edilib, bunlardan biri də Bakı Sağlamlıq Mərkəzidir. Tələbələrə təbabətdə yeniliklər və dünya standartlarına uyğun dərslər keçirilir. Mən özüm də təhsilimi bitirdikdən sonra Nyu-Yorkun Sloan Kattering Xərçəng Mərkəzində və Avstriyanın Barmherzigerschüester klinikasında cərrah onkoloq kimi çalışmışam. Hazırda 10 ildən çox Milli Onkologiya Mərkəzinin baş-boyun cərrahiyyə şöbəsində fəaliyyət göstərirəm".


Rektor hazırda universitetdə 700-dən çox tələbənin təhsil aldığını bildirib. Onun sözlərinə görə, filialın ilk buraxılışı 2021-ci ildə olub, hər il filialı 125 məzun bitirir.

 

 

Daha sonra Darvin Medical Plazanın təsisatçısı Asif İusibov elmi-praktiki konfransın önəmindən bəhs edib:

 

"Birinci beynəlxalq elmi-praktiki konfransda iştirakımızdan fəxr edirik. Azərbaycan tibbinin inkişaf etməsinə görə sevinirik. Biz də öz tərəfimizdən yeniliklər gətirməyə davam edirik. Həkimlərimizin dünyada xüsusilə də robotik cərrahiyədə nümunəvi olmasını arzulayırıq. Biz də bunun üçün nə lazımdırsa, öz tərəfimizdən etməyə, təbii ki, hazırıq".

 

 

Daxili xəstəliklər uzmanı Zakir Quliyev isə bildirib: "Əlbəttə, bu gün Azərbaycan səhiyyəsi tam müxtəlif səviyyələrə gəlib. Azərbaycan səhiyyəsi dünya səhiyyəsi ilə rəqabətə girib, hətta  bir çox səhyyə sistemindən tam öndəyik. Onun təzahürüdür ki, Azərbaycanda elmi konfranslar keçirilir.  Vaxt var idi ki, Türkiyədəki, Avropadakı konfranslara  həsrətlə baxırdıq. Deyirdik ki, görəsən, nə vaxtsa bizdə də belə konfranslar olacaqmı. Bu gün Azərbaycanda Avropada, ABŞ-da keçirilən konfranslardan geri qalmayan tədbirlər keçirilir. Bugünkü tədbirə insanlar böyük həvəslə qatılıb. İştirak səviyyəsi yüksəkdir. Bu konfrans ümumilli lider Heydər Əliyevin  əziz xatirəsinə ithaf olunub. O müasir Azərbaycanın  qurucusu olduğuna görə, onun xatirəsini həmişə yaşadırıq". 

 

 

Bakı Sağlamlıq Mərkəzinin həkimi Sənan Aşirov isə Azərbaycan səhiyyəsinin inkişaf yolundan və bugünkü konfransın önəmindən danışıb.

 

"Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunan konfrans hələ bir neçə gün davam edəcək. Əvvəllər belə  konfransları yalnız xariclərdə görə bilərdik. Konfransda tibbin bütün sahələrindən bəhs olunur. İnşallah, belə konfranslarımız davamlı olar".

 

Qeyd edək ki, konfrans elmi hissə ilə davam edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?