Modern.az

Milli Məclisdə Gədəbəy müzakirəsi: Məqsəd aranı qatmaqdır

Milli Məclisdə Gədəbəy müzakirəsi: Məqsəd aranı qatmaqdır

Aktual

23 İyun 2023, 11:40

“Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş hadisədən hər birimizin kifayət qədər məlumatı var. Bu kimi olaylar istənilən cəmiyyətə xas haldır və dövlətin də əsas funksiyası onu qanun çərçivəsində çözmək, yoluna qoymaqdır. Ancaq təəssüfedici və hər birimizi narahat edən fakt ondan ibarətdir ki, yaşanan olaydan istifadə edərək öz məkrli niyyətlərini həyata keçirən şəxslər və dairələr var”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev səsləndirib.

 

“Açıq görünür ki, onların qarşısındakı əsas hədəf vətəndaşla polisi, xalqımızla dövlətimizi üz-üzə qoymaq, nifaq salmaqdır. Şübhə yoxdur ki, onların bu məqsədləri həmişəki kimi gözlərində qalacaq. Təəssüf ki, hazırda sosial şəbəkələrdə məsuliyyətsiz, qızışdırıcı şərhlər yazan şəxslərin məqsədi məhz aranı qatmaqdır. Polis canlı orqanizmdir. Polis insanlardan, vətəndaşlardan ibarətdir. Hər birimizin qohumu, dostu, qonşusu içində ən azı bir polis əməkdaşı var. Hər birimiz ətrafımızda baş verən hadisəyə öz temperamentimizə, emosianallığımıza görə müxtəlif reaksiya göstəririk. Əgər polis əməkdaşı səlahiyyətlərini aşıbsa, mütləq qanun və təlimatlara əsasən ya cəzasını alacaq, ya da onun bu davranışına görə barəsində müvafiq ölçü götürüləcək”, - deyə deputat Gədəbəydə baş vermiş hadisələrdən söz açıb.

 

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin sərəncamı ilə komissiya yaradılıb.

Bu xəbər ilə bağlı
Bu hadisələr məni çox narahat edir - Gədəbəyin deputatı
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?