Gecə saatlarında "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin teleqram kanalında sensasion səs yazıları yayılıb. O, rəhbərlik etdiyi bölmələrin hücuma məruz qaldığını iddia edib və buna görə Rusiyanın hərbi rəhbərliyini günahlandırıb.
Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 min nəfərlik silahlı dəstə ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini diqqətə çatdırıb. Məlum bəyanatdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.
Rusiya Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə və onları təslim olmağa çağırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.

"Mən ruslara, hərbçilərə və hüquq-mühafizə orqanlarına, hiylə və hədələrlə silahlı üsyan yoluna sövq edilənlərə müraciət edirəm. Rusiya öz gələcəyi üçün sərt mübarizə aparır, Qərbin bütün hərbi və informasiya maşını Rusiyaya qarşı yönəlib. İstənilən fitnəyə son qoyulmalıdır, xalqımızın taleyi indi həll olunur", - Putin bildirib. Priqojin isə cavabında təslim olmayacaqlarını diqqətə çatdırıb.
Dünyanın diqqətlə izlədiyi Rusiya olayları nədən qaynaqlanır? Bəzi iddialara görə, qiyam versiyası hakimiyyətin siyasi oyunudur. Deyilənlər real ola bilərmi?

Qonşu ölkədə yaşanan hadisələri Modern.az-a şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada xoşagəlməz olaylar yaşandığını deyib.
“Tam əminəm ki, Moskva Putinin rəhbərliyi altında bu məsələni həll edəcək. Tezliklə sabitlik yaranacaq. Yəni hadisələri tam nəzarət altına almaq mümkün olacaq”.
E.Məmmədyarov "Vaqner"in qiyama qalxmasında üçüncü qüvvələrin roluna inanmadığını söyləyib:
““Vaqner” kimi muzdlu silahlı qüvvələri idarə edə biləcək nüfuzlu qüvvənin olacağına inanmıram. Rusiyada baş verənlər daxili məsələlərdir. Müdafiə Nazirliyi ilə Vaqner qruplaşması arasında çoxdan söz-söhbətlər var. İndi elə oldu ki, qruplaşma hakimiyyətə qarşı çıxmaq qərarına gəldi. Amma onların nəyəsə nail olacaqlarını düşünmürəm”.
Sabiq xarici işlər naziri Rusiyada qiyama cəhdin gözlənilməz olmadığını vurğulayıb:
“Putin çıxış etdi və ortada xəyanətin olduğundan danışdı. Lakin Priqojinin adını çəkmədi. Priqojin də həmçinin Putinin adını çəkmədi. Bu qəribə haldır. “Vaqner” silahlı muzdlu qüvvələrinin bu hərəkəti gözlənilməz hal deyil. Çünki onlar əvvəldən Rusiyanın Müdafiə Nazirliyindən şikayətlərini dilə gətirirdilər. Nəsə etmək istəyirdilər, düşünürəm ki, qiyam istəyinə nail ola bilməyəcəklər”.