Modern.az

“Vaqner”çilərin qiyama qalxmasının iki əsas səbəbi 

“Vaqner”çilərin qiyama qalxmasının iki əsas səbəbi 

Aktual

24 İyun 2023, 16:36

"Rusiyada muzdlu hərbçilərdən ibarət “Vaqner” qruplaşmasının qiyama əl atacağı gözlənilən idi".

 

Bunu Modern.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib.

 

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri “Vaqner” muzdlu hərbi birləşməsi ilə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyət mövcuddur:

 

“Bu gün Ukrayna ilə Rusiya iki ayrı ölkə kimi görünsə də, bir-birilə müharibə etsə də, hər iki ölkənin qan bağı var. Bu gün Rusiyada milyonlarla ukraynalı, Ukraynada isə minlərlə rusiyalı yaşayır. Təbii olaraq, savaşı qəbul etməyənlər də var. Muzdlu hərbçilərdən ibarət olan "Vaqner"in belə bir üsula əl atması qaçılmaz idi. Çünki dövlətin əsgəri olmaq, onun nizamlarına uyğun davranmaqla, bu işi muzd əvəzinə görmək fərqlidir. Muzdla fəaliyyət göstərənlər həmişə verdiyiniz pul qədər sizin üçün savaşar. Putinin bu gün bir neçə açıqlamalarını oxudum. "Vaqner"in Rusiya üçün həyat verdiyini, indi isə bir çox xainin olduğunu bildirdi. İraq savaşında da amerikalı muzdlu əsgərlər iştirak edirdilər. Onda mən İraqda vəzifədəydim. Oradakı muzdlu əsgərlər maddi çətinlik yaşadıqları zaman üsyan edirdilər. Bu gün Rusiyada yaşananlar da onun eynisidir. Rusiyada yaşananların iki səbəbi var. Birinci səbəb maddi məsələlərlə bağlıdır. İkincisi də Rusiya-Ukrayna kimi iki qardaş ölkənin savaşmasını artıq bu millət istəmir. Ona görə də, qardaş ölkənin savaşının qarşısını almaq üçün muzdlu əsgərlər üsyan edir”.

 

 

İmbat Muğlunun fikrincə, Rusiya daxildəki xəyanətkarlardan təmizlənəcək:

 

“Ukraynada da xeyli sayda muzdlu döyüşçülər var. Avropadan bir çox muzdlu əsgərlər gəlib. Türkiyə olaraq qiyamın tərəfdarı deyilik. Dünyanın bütün ölkələrində qiyam kimi qeyri-əxlaqi üsullara əl atılmasının əleyhinəyik. Nəticələri hesabamaq lazımdır. Putin olaya müdaxilə etməyə başlayıb. Böyük bir toqquşmanın olacağını düşünmürəm. Rusiya xalqı dövlətsevər və vətənpərvərdir. İçlərindəki xainləri təmizləyib, o şəkildə yollarına davam edəcəklər”.

 

Qeyd edək ki, "Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinlə Rusiya ordusunun rəhbərliyi arasında gərginlik pik həddə çatıb. Silahlılar gecə saatlarından başlayaraq Rusiyada hərbi qiyam qaldırıb. Priqojin iyunun 23-ü axşam saatlarında Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbələrinin endirildiyini və çoxlu sayda muzdlunun öldüyünü iddia edib. Rusiya Müdafiə Nazirliyi onun iddialarını təkzib edib. 

 

Bu gün muzdlular Rostov və Voronejdəki hərbi obyektlərin tam ələ keçirildiyini açıqlayıblar. "Vaqner" lideri hərəkətlərinin hərbi çevriliş olmadığını diqqətə çatdırıb. Milli Antiterror Komitəsi isə məlumat yayıb ki, Yevgeni Priqojinin bəyanatları ilə əlaqədar silahlı üsyana çağırış faktı üzrə cinayət işi açılıb. O da əlavə edilib ki, "Vaqner" rəhbərinin “adından yayılan” iddiaların heç bir əsası yoxdur.

 

Ardınca Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. Bəzi teleqram kanallarında muzdlularla hərbçilər arasında toqquşmaların yaşandığını yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?