Modern.az

Mövcudluğun hikməti: Mühəndislik fəlsəfəsi 

Mövcudluğun hikməti: Mühəndislik fəlsəfəsi 

Aktual

3 İyul 2023, 11:54

AKADEMİK  ƏHƏD CANƏHMƏDOVUN HİKMƏT DÜNYASI

Alimin   yeni  “Kainatı izah edərkən...,

mühəndislik fəlsəfəsi...”

adlı  fəlsəfi kitabı haqqında düşüncələr...

 

KAİNAT, ONUN  NİZAMI,

YARANIŞI VƏ DAVAMI

İNSAN MİSSİYASI, HƏYAT FƏLSƏFƏSİ...

ÖLÇÜLƏR, HESABLAMALAR, NƏTİCƏLƏR..

 

Sözümə Həzrəti Əlinin müdrik kəlamı ilə başlamaq istəyirəm: “Müəllim o şəxs deyil ki, kimisə öyrədir... Müəllim o şəxsdir ki, ondan öyrənirlər.”  Məqsədim öz müdriklik səlahiyyəti ilə hamının örnək bildiyi, öyrəndiyi, görüb götürdüyü aqil insan, filosof, tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, sözün həqiqi mənasında BÖYÜK MÜƏLLİM Əhəd Canəhmədovun bu günlərdə işıq üzü görmüş “Kainatı izah edərkən... mühəndislik fəlsəfəsi” adlı  fəlsəfi, sanballı və çox  dəyərli kitabı haqqında söz açmaqdır. Əhəd müəllim müasir dünyamızın o nadir şəxsiyyətlərindən biridir ki, öz fəlsəfi baxışları, öz nəzəriyyəsi və dünya fəlsəfəsində yeni yolun, yeni təlimin yaradıcısı və müəllifidir. Akademik tərəfindən irəli sürülən “mühəndislik fəlsəfəsi”  nəzəriyyəsi sonsuz kainatın sirlərinin dərkində olduqca mühüm əhəmiyyətə malikdir. Kainatin sirrlərinə vaqif olmaqdan ötrü bu nəzəriyyə əsl həqiqətə aparan yoldur. Sonsuz fəzada sonsuz sayda qallaktikanın, planetin, ulduzların heç bir dayaq olmadan asılı vəziyyətdə qalmasının və insan zəkasının dərk etmə qabiliyyətindən xeyli uzaq bir şəkildə var olmasının, bu heyrətamiz nizamın idarə olunmasının, qeyri-müəyyən bir tarixdə davam etməsinin, eləcə də bu kahkəşanın qanunauyğun hərəkətinin mütləq bir səbəbi olmamış deyil... Bu səbəbin açarı və izahı isə Əhəd müəllimin “Mühəndislik fəlsəfəsi”ndə tapılıb. Bu nəzəriyyəyə görə bütün yaradılışın və heyrətamiz nizamın əsasında mühəndislik fəlsəfəsi dayanır. Belə ki, bütün kainatda mövcud olanlar və onların varlığı, hərəkəti, nizamı İlahi qüvvə tərəfindən olduqca dəqiq hesablanmış, ölçülüb-biçilmiş və hərəkətə gətirilmişdir. Bir sözlə, görkəmli alimimizin nəzəriyyəsinə görə Kainat mühəndislik fəlsəfəsinin məhsuludur! Heyrətamiz nəticədir, deyilmi?! Təbii ki, insanı heyrətə salan, kainat haqqında düşüncələrini yeni istiqamətə yönəldən və həqiqətə çatmaq üçün əsl işıqlı istiqamətə aparan bu nəzəriyyə akademik Əhəd Canəhmədovun uzun illərinin, misilsiz zəhmətinin, qeyri-adi istedadının uğurlu nəticəsidir. Görkəmli alim zəhmətdən yorulmayıb, illərini xərcləyib, istedadını və düşüncələrini yuxusuz gecələrin, günlərin, ayların, dəqiqələrin, saniyələrin axarına qoşub, bal arısı kimi Varlığın sirli mövcudatında gizlənən hikməti zərrə-zərrə toplaya-toplaya bu qeyri-adi, müdrik, fəlsəfi nəticəyə gələ bilib və arı ailəsində mövcud olan dəmir intizamın, arı şanında olan nizamlı, dəqiq quruluşun kainatda da mövcudluğunu isbat edib... Əhəd müəllim başladığı yolda inamla irəliləyir, inadla axtarışlarını uğurlu nəticələrlə tamamlayır. Alimin dünyaya vəsiqə alan istənilən kitabı əslində elm aləmi üçün tamailə yeni məsələləri ortaya qoyur, həmin məsələlərin həllini təqdim edir. Bir həqiqət var ki, elmi tərəqqinin yaratdığı yeni imkanlar, informasiya texnologiyalarının inkişafı heç də kitabın əhəmiyyətini azalda bilməyib. Görünür bəşəriyyət elm mənbəyi olaraq ən böyük kəşfini kitabla tamamlamışdır!

Əhəd Canəhmədov o insanlardandır ki, böyük əminliklə onu XXI əsrdə Azərbaycanda elmin, beynəlxalq aləmdə isə mühəndislik fəlsəfəsinin ən məşhur populyarlaşdırıcı elm xadimi adlandırmaq  olar.

Alimin yorulmaz populyarlaşdırıcı fəaliyyəti və sadə bir dildə ən mürəkkəb elmi problemlərdən həyəcanlı danışmaq istəyi sözsüz ki, bəzən mühafizəkar düşüncəli həmkarlarının qınaqlarına səbəb olur. Buna baxmayaraq, onun populyarlaşdırıcı fəaliyyəti getdikcə həyatda daha çox yer tutur, inkişaf edir və demək olar ki, hər 2 ildən bir Kainatın mənşəyi və təkamülü, bəşəriyyətin kosmik gələcəyi və yerdən kənar  sivilizasiyaların axtarışı ilə bağlı yeni kitabları nəşr olunur.

Elm insan həyatının ayrılmaz hissəsi olduğu üçün onu bir sıra sosial, siyasi, dini və fəlsəfi məsələlərə toxunmadan - bəzən səthi, bəzən də kifayət qədər dərindən - müzakirə etmək olmaz. Əhəd Canəhmədov bir alim kimi nüvə silahına, qlobal iqlim dəyişikliyinə, sivilizasiyanı, şəhərləri, kəndləri məhv edən, çoxsaylı insan tələfatına səbəb olacaq nüvə müharibəsinin qaçılmaz nəticələrinə qarşı açıq şəkildə çıxış edir. İnsanların əksəriyyətinin hər cür məlumatları sosial şəbəkələr üzərindən aldığı müasir dünyada kitabın oynamalı olduğu rolu birmənalı şəkildə xarakterizə etmək çox çətindir. Hər halda, təbiət elmləri, geosiyasət və bəzi digər mövzular üçün kitab, öz dövrünün mühüm, vacib, maraqlı sənədidir və bizə valehedici oxu, maraqlı mütaliə imkanı verir və bizdə elmi dünyagörüşünün aşılanmasına səbəb olur.

Akademik Əhəd Canəhmədov Xızı rayonunda  böyüyüb başa çatıb. Hələ uşaq vaxtlarından qeyri-adiliyi ilə seçilib... O, özünə güvənən, özünü təmin edən, olduqca mehriban insandır. Hələ uşaq vaxtlarından üstünlüyə, birinci olmağa və qələbələrə can atan olub və çox vaxt da buna nail olub. Nadir hallarda kömək istəyib. Uşaqlıqdan dürüst olmağı və yalnız özünə güvənməyi həyat amalı hesab edib. Əhəd müəllim pozitiv, maraqlı həmsöhbət, insanları dinləməyi bacaran, rastlaşdığı neqativ hallara qarşı dözümlü, müəyyən qədər qapalı, başqalarının sirrini saxlamağı bacaran, ciddi insandır. Alimin müdrik fikirləri insan qəlbini riqqətə gətirən, insanı düşündürən, fəlsəfi paklığa qovuşduran, heyrətə  salan bir hikmət xəzinəsinin inciləridir... Əhəd müəllimin həmin hikmət xəzinəsini “Kainatı izah edərkən... mühəndislik  fəlsəfəsi” adlandırıb. Fələsfi, müdrikliklə qələmə alınan fundamental əsər bu yaxınlarda kitab şəklində, gözəl bir tərtibatla geniş oxucu kütləsinə təqdim olunub. Əslində bu əsərin təhlili və təqdimatı  üçün onun hər fəsli haqqında yeni bir kitab yazmaq lazımdır. Bir məqalə ilə bu işin öhdəsindən gəlmək olduqca çətindir. Ona görə də, əziz oxucum, mən kitab haqqında ümumi məlumat verməklə 13 fəsildə bəhs edilənlər haqqında qısa danışmaqla kifayətlənməyə məcburam. Düşünürəm ki, hər birimizin stolu üstündə dünya şöhrətli alimimizin qürurverici tədqiqatlarının nəticəsi olan bu KİTABın olması çox vacibdir.  

Kitab, əsərin redaktoru, dünya şöhrətli alim, Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ-nin və Rusiya Federasiyasının Dövlət Mükafatları laureatı, Rusiya Hökumətinin 5 mükafatını almış, akademik Baris Qusevin ön sözü ilə başlanır. Həmin ön sözün elə ilk cümlələrindən təqdim olunan əsərin dünya əhəmiyyətli, yeni, zəngin elmi araşdırmanın nəticəsi olduğu, onun müəllifinin isə nə qədər böyük tədqiqat sferasında fəaliyyəti və bu fəaliyət nəticəsində əldə etdiyi fundamental nəticələrin miqyasını görürsən... Məncə, dünyaca məşhur alim B.Qusevin  Əhəd Canəhmədov haqqında dediyi “elmdə yeni bir sahənin- mühəndislik fəlsəfəsinin təməlini qoyan, bu elm sahəsini yaradan alim” ifadələri həmyerlimizin bu sahədə əldə etdiyi nəticələrin böyüklüyünü və əhəmiyyətini, eləcə də onun dünya elminə gətirdiyi yeniliklərin çəkisini, sanbalını göstərir.  

Kitab görkəmli elm xadimimizin müdrik kəlamı və olduqca təsirli giriş sözü ilə başlanır. Və elə ilk sətirlərdən kitabın hikmət dünyasına qərq olursan... Əhəd  müəllim ilk sözünə “ Elm öndə getməlidir ki, ardınca gələn cəmiyyətin yoluna işıq saçsın.” kimi müdrik kəlamla başlayır. Dahiyanə fikirdir deyilmi?! Əlbəttə, cəmiyyətinin aparıcı qüvvəsi elm olan xalq yalnız intibah yolu ilə irəliləyər, inkişaf edər, məqsədinə çatar. Kitabın fəsilləri və bölmələri haqqında danışmazdan öncə Əhəd müəllimin qələmindən çıxan bu hikmət xəzinəsinin müqəddiməsindən bəhs etmək istəyirəm. Müəllif müqəddiməni elə qələmə alıb ki, sanki onun həyatı qəribə bir qanunauyğunluğun, nizamlı ardıcıllığın, ömür fəlsəfəsinin vəhdətinin və mübarizəsinin davamından ibarətdir... və qəribəlik buradadır ki, bu ardıcıllıq və nizam istənilən insanın tərcümeyi-halının, ömrünün fəlsəfi mahiyyətini açır... Bu fəlsəfi ardıcıllıq isə həmin insanın cəmiyyətdə mövqeyini, onun ömrünün, əldə etdiklərinin, bir sözlə bütün fəaliyyətin mənzərəsini ortaya qoyur... Hər insanın bir missiya ilə bu dünyaya gəlməsi həqiqəti realdır. Belə ki, Əhəd müəllim öz timsalında ömür fəlsəfəsinin nizamlı ardıcıllığını sistemləşdirməklə insanın hansı missiya ilə dünyaya gəlişini müəyyən etməyin yolunu göstərir. Bu yol bəşər övladının dünyaya gəlişindən gedişinə qədər ömründə baş verən hadisələrin ardıcıllığı, ömür fəlsəfəsinin vəhdəti və mübarizəsi, həyatının təsadüf və zərurətləri fonunda baş verənlərdən ibarətdir.  Bu nizamı görmək, müəyyən etmək isə Əhəd müəllimin möhtəşəm fəlsəfi nəzəriyyəsinin ilk elementləridir. Hətta insan həyatında baş verənlər də haradasa, bir nizama əsalanır, ölçülüb-biçilmiş  mühəndislik fəlsəfəsinə tabedir. Bəlkə ona görədir ki, insan haradasa səhv edəndə, düzgün olmayan addım atanda ömür fəlsəfəsinin nizamını pozur, müəyyən olunmuş, öçülüb-bişilmiş, hesablanmış çərçivələrdən kənara çıxır, nəticədə isə faciə ilə üz-üzə qalır, ömrünün ritmi pozulur... Məhz ona görədir ki, müdriklərimiz yaranışdan üzü bu yana müdrik kəlamlalarla insanın ömür fəlsəfəsinin mahiyyətinin açılmasına cəhd edib. Ataların, “Göründüyün kimi ol, olduğun kimi görün”,“Gücün çatmayan işdən yapışma”,“Nə əkərsən onu da biçərsən”, “Dünəni olmayanın sabahı olmaz” və s. və ilaxır kimi misallarının böyük əksəriyyəti məhz insanın  ömür fəlsəfəsinin əsl mahiyyətinin açılmasına, insanın tələb olunan yerdə, gərək olduğu sferada fəaliyyətdə olmasına işarədir. Əhəd müəllimin elminin gücü sayəsində insan ömrünün nizamlı ardıcıllığını müəyyən etməklə onun vəzifəsini, missiyasını aşkara çıxarır. Heyrətamiz  nəticədir, deyilimi?!

Haqqında bəhs etdiyim müqəddimənin bəzi məntiqi ardıcıllığını təqdim etməklə akademik Əhəd Canəhmədovun gəldiyi nəticələrin necə fundamental və həqiqətə söykənən olduğunu siz də görəcəksiniz, əziz oxucular.

.... 10 yaşım olanda müxtəlif rəngli daşları toplayırdım.... O vaxt mineral daşların nə olduğunu dərk etmirdim.... Yayda isə həmişə, xüsusən axşam saatlarında heyranlıqla səmaya baxar, ulduzların hərəkətini izləyərdim. Ay və ulduzların işığı altında mükəmməl görünən mavi səma ətrafa gözəllik qatırdı. Eyni zamanda, ulduzlar fasiləsiz işıqda əriyib həll olurdular. Sanki Qalaktikanın atəşfəşanlığı baş verirdi! Xüsusilə də, gecələr bu, çox gözəl mənzərə idi! Mənə elə gəlirdi ki, dünyanın məhz bu yerində, məhz bizim kənddəki gecə dünyanın digər yerlərindən daha parlaqdır. Mən hər gün sehrinə düşdüyüm Kainatın dərin sirlərinə nüfuz etmək, onlardan xəbərdar olmaq istəyirdim. Görünür, hələ uşaq ikən baş açmadığım bu maraq elmə olan həvəsim imiş...  

       Bu məqamda əslində insan ömrünün istiqamətinin müəyyən edilməsindən söhbət gedir. Bəlkə ona görədir ki, eldə belə bir müdrik misal yaranıb: “Məqsədin hara, mənzilin də ora...” . Bu anda düşünürsən ki, uşaqları həvəsi olduqları sahədən ayırıb, istəmədikləri istiqamətə yönəldən valideynlər nə qədər böyük səhvə yol verirlər. Məncə, bu məqamda insan ömürünün mühəndislik fəlsəfəsində parametrlər pozulur, ölçülər dəyişir... İstəmədikləri sahədə olanlar çox nadir hallarda nəsə əldə edə bilirlər... Göründüyü kimi, Əhəd müəllimin fəlsəfi təlimi indiyə qədər aydın olmayan çox sirlərin üstünə işıq saçır... Əhəd müəllim sözünə davam edərək yazır: “Valideynlərim alim deyildilər, sadə insanlar idi. Amma onlar mənə İnsan olmağı aşıladılar – savadlı, zəhmətkeş, dürüst və ədalətli”.

      Görünür, gələcək missiyasının icrası üçün alimin zəhmətkeş, dürüst və ədalətli olması da əsas şərt olub. Və bu şərti dünyaya göz açdığı ailədə tapan, yolunun davamı üçün qarşısına heç bir maneə qoyulmayan insan məqsədinə, üzərinə qoyulan missiyaya doğru daha inamla irəliləyir, məqamına yaxınlaşır...  Mən valideynlərimə neftçi olmaq istədiyimi söylədikdə, seçimimə qarşı çıxmadılar… Mənə çox maraqlı idi – yerin dərinliklərindən nefti necə çıxarmaq olar? Bunun üçün hansı maşın və mexanizmlərə ehtiyac var? Mühəndislər belə mürəkkəb avadanlıqları necə layihələndirir, necə hazırlayırlar ...

     O dövrün ən yaxşı təhsil ocaqlarından birinə – Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Mexanika fakültəsinə daxil oldum... Təkcə elmi deyil, bir çox sirləri aydınlaşdırmağa nail oldum… Heç nə ilə müqayisə olunmaz sevinc hissini yaşadım, xəyal etdiklərimi gözlərimlə gördüm. Gördüm ki, mühəndis-konstruktorlar neft quyularını qazmaq və istismar etmək üçün maşın və mexanizmləri necə hazırlayır; qazma ustalarının dərin quyuları necə qazdığının, yerdən neftin necə çıxarıldığının şahidi oldum...

       Əslində, hər şey uşaqlığımın paytaxtı – Bakıdan bir qədər aralıda, Baxşılı kəndindən başlandı… Bura Ağ yolun keçdiyi yerdir.  Burada ulduzların, asteroidlərin və digər göy cisimlərinin hərəkətini  gecə vaxtı adi gözlə  müşahidə etmək olar. Məhz buna görə də bu yerdən bir neçə kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, Ağ yolun keçdiyi Şamaxıda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası inşa edilib. Orada Almaniya istehsalı olan müasir güclü teleskop quraşdırılıb ki, alimlər gecə-gündüz göy cisimlərini müşahidə edə bilsinlər…

        Axtarışında olduğu sualların yerdə olan cavablarını izah etdikcə, Əhəd müəllimin göylərdə axtardığı suallara cavab tapmaq ehtirası daha da artırdı… Uşaq vaxtlarından səmanın müşahidəçisi olmaq, ulduzların hərəkətinə, sonsuz dərinliklərə, saysız ulduzlara və s. baxıb dərin düşüncələrə qərq olmağın özü də, alimin taleyinə hansısa digər missiyanın da yazıldığına işarədir… Bunların da cavabı mütləq var… Heç nə öz-özünə yarana bilməz… Bu möhtəşəm niziamın yaradıcısı və tənzimləyicisi, hərəkətverici qüvvəsi var… Suallar, suallar… Diqqət edin, Əhəd müəllim yazır:   Gecə səmasına qorxmadan baxmaq çətindir. Zülmət qaranlıqda, bəşər sivilizasiyasının Yer kürəsində mövcud olan işıqlarından uzaqda parlayan minlərlə ulduz, bir neçə planet və üfüqdən üfüqə əzəmətlə uzanan Ağ yol – bizim Qalaktikamızdır. …Kainatın həqiqi miqyasını təsəvvür etmək çətindir, onun yalnız bir hissəsini gecə səmasına baxarkən görürük, lakin bu, Kainatın ölçüsünü və əhatə dairəsini qiymətləndirə bilməz. Ulduzlar planetlərə çox bənzəyirlər, baxmayaraq ki, biz onların tamamilə fərqli olduğunu bilirik; Ulduzlar heç də Günəşə bənzəmir, lakin biz Günəşin də ulduz olduğunu bilirik… hər birimizdə ümumi bir inanc var ki, ümumi evimiz olan Yer xüsusi bir məkandır. Bəzən Yer Kainatın mərkəzi, digər hallarda isə  dünyanın əsası kimi qəbul olunur; çox vaxt isə dünyanı yaradan güc və ya Tanrı üçün xüsusi əhəmiyyət kəsb edir. Hər halda, ümumi bir fikir var ki, biz kainat miqyasında əhəmiyyətliyik.

Elm tarixi alimlərə fəaliyyətində ruh verir, bəşər övladında isə Kainatın sirlərini anlamaqda və özünün tarixi inkişaf yolunu dərk etməkdə  maraq yarardır. Hər bir elm adamı təbiət elmlərinin möhtəşəm salnaməsinə azacıq da olsa töhfə vermək ümidi ilə yaşayır, çalışır…

Əhəd müəllim müasir elmə və texnikaya fasiləsiz qurulan, tikilən və davamlı olaraq inkişaf edən möhtəşəm qurğu kimi baxır və bu nəhəng qurğunun müxtəlif xalqlardan və millətlərdən olan insanlar tərəfindən inşa edildiyini yazır. Əlbəttə, yunanlar – Aristotellə, Arximedlə, italyanlar – Qalileylə, Leonardo da Vinçi ilə, ingilislər – İsaak Nyutonla, Çarlz Darvinlə, fransızlar – Anri Puankarla, Pyer Laplasla, amerikalılar – Edvin Xabblla, Stiven Vaynberqlə, almanlar – Leonardo Eylerlə, Albert Eynşteynlə, avstriyalılar – Lyudviq Boltsmanla, Ervin Şredinqerlə, ruslar – Mixayıl Lomonosovla, Vladimir Vernadski ilə, azərbaycanlılar – Nizami Gəncəvi, Nəsrəddin Tusi və bir çox digərləri ilə fəxr edirlər. Bütün xalqlar bəşəriyyətə böyük sevinc və qürur bəxş etmiş nümayəndələri ilə layiqincə fəxr edir… görkəmli Azərbaycan alimi olaraq Əhəd Canəhmədov daha sonra yazır: Öz kitablarımda mən tarix haqqında çox danışmışam, lakin onlar, əsasən, texniki elmlərin son dövr inkişaf tarixi haqqında olub. Bu zaman kəsiyində biz kifayət qədər yeni faktlar öyrənmişik. Yeri gəlmişkən, bu faktların əsasında texniki elmlərin tarixi haqqında sənədli film də çəkilib.  Zaman keçdi, mən fizikanın və astranomiyanın məqsəd və metodlarının hələ formalaşmadığı erkən dövrləri yaxından öyrənmək məqsədi ilə Kainatın sirlərinə dərindən bələd olmaq qərarına gəldim…

   Əhəd müəllim mövcud traktat (Mühəndislik fəlsəfəsi) üzərində işləyən zaman müasir elmin imkanlarından istifadə etməklə təbiətin, fizika elminin din, texnika, fəlsəfə və riyaziyyatla qırılmaz əlaqələrini müəyyən edib və bundan sonra  təbiətə, fizika elminə fərqli  baxışlarını açıqlayıb və göstərib. Alim “Kainatı izah edərkən... mühəndislik  fəlsəfəsi” kitabından danışarkən yazır: Ümid edirəm ki, elmi-populyar janrda oxucuya təbiət elmləri tarixində baş vermiş hadisələri və o dövrlərdə alimlərə nə qədər çətinliklərlə nəsib olmuş elmi nailiyyətlərin mahiyyətini çatdıra bilmişəm. Mövcud traktatda əsas diqqəti insanlar tərəfindən Kainatın sirlərinin necə öyrənilməsi məsələsinə yönəltmiş və bu halda daha çox fizikaya və astronomiyaya əsaslanmışıq. Etiraf etmək istərdim ki, bu, növbəti kitab üzərində iş zamanı fizika və astronomiya sahələrində olan bəzi faktlar elə mənim üçün də az maraq kəsb etməmişdir

        Yer və Kainat haqqında kitab yazmaq ideyası məndə hələ yeniyetmə yaşlarından  yaranmışdı; Bu o zamanlar idi ki, mənim hələ Böyük partlayış, yaxud Qravitasiya və sair elmi məsələlər barədə təsəvvürüm belə yox idi. İllər sonra yaz vaxtı doğma  Xızı diyarını gəzərkən gəncliyimdə əqlimi, şüurumu inadkarcasına narahat edən sualları və bu sualların cavablarını xatırladım: Nə üçün yolların böldüyü bu dağların sağ tərəfi qəribə geoloji oyma naxışları ilə, onların mürəkkəb geokimyəvi süxur tərkibi və qırmızı, qonur, yaşıl rəngləri ilə, sol tərəfdə gördüyüm yaşıl hamar düzənlikdən belə kəskin fərqlənir. Xızıya gedən yol boyu doğrudan da maraqlı təbiət təzahürlərini müşahidə etmək olar: Təpələrin səthinə çıxmış müxtəlif süxur qatları rənglərinə görə son dərəcə özünəməxsus landşaft yaratmışdır. Mütəxəsislər iddia edirlər ki, Yer üzərində bu cür geoloji mənzərəni bir də yalnız   ABŞ-ın Ölüm vadisində müşahidə etmək olar.

Əhəd Canəhmədovun Kainatın sirlərinin öyrənilməsi istiqamətinə yönəlməsində anadan olduğu möcüzəli diyarın təbiətinin də az rolu olmayıb. Xızı dağlarını Təbiətin İlahi fırçası ilə ərsəyə gəlmiş sehrli tablolar adlandırmaq olar... Bu əsrarəngiz, qeyri-adi təbiətin özü peşəsindən asılı olmayaraq istənilən insanı sehrləyir, düşüncələrə qərq edir. Amma hər insan bu sirlərdən agah olmaq iqtidarında olmur axı... Bu sirlərə vaqif olmaq üçün isə gərək dünyaya bu missiya ilə gələsən... Mexanika fakültəsində təhsil almasına baxmayaraq, Əhəd müəllimin marağı həm də geoloji hadisələrə doğru yönəlir. Uşaqlığının keçdiyi Böyük Qafqaz dağları yaxınlığında elə uşaq çağlarından  daşlar və minerallar toplayırdı axı... Bu əbəs yerə ola bilməzdi... Təbii ki, səbəbi vardı... Səbəb vardısa, deməli, mütləq nəticə də olmalı idi... Bir qədər sonra taleyi Əhəd müəllimə, heç kimin təsəvvürünə belə gətirməyəcəyi bir xoşbəxtlik bəxş edir. Keçmiş SSRİ-nin sərt dönəmində ona 2 il sərasər İngiltərə kimi elm diyarında təhsil almaq nəsib olur. O dövrdə, belə hallara yalnız nağıllarda rast gəlmək olardı... Lakin Əhəd müəllimin elmə olan qeyri-adi münasibəti nağılları da, necə deyərlər, onunçün gerçəyə çevirirdi... Bugünkü fundamental nəticələr üçün Tanrı onun arzuladığını, xəyal etdiklərini reallaşdırırdı...

Fikrini davam edərək, Əhəd müəllim yazır: Bu gün artıq Böyük partlayış, Qara dəliklər və digər astronomik proseslər haqqında müəyyən biliklər topladıqdan, həyatım boyu Kainatın yaranmasına dair çox saylı, ziddiyyətli mənbələri vərəqlədikdən sonra bütün aydınlığı ilə deyə bilərəm ki, burada (Xızıda) planetin yenicə, yəni ilkin yarandığı dövrün izləri mövcuddur; belə möhtəşəm yerli landşaftı yalnız Böyük partlayış yarada bilərdi...

Kitab yazmağı düşünəndə əvvəlcə onu alimlərin portretləri silsiləsi kimi təsəvvür edirdim: Burada onların məziyyətlərini və çatışmazlıqlarını, habelə, qəribə həqiqət axtaranları və bu həqiqətləri inkar edənləri, xəyalımda canlandırırdım. Qərara gəldim ki, burada mühakiməni oxucu etsin və qoy, elmin gələcəyi haqda kimin proqnozlarının doğru, kimininsə yanlış olduğunu o özü müəyyən etsin.

Belə sirli, müəmmalı suallardan sonra özümü, kitabın təsvirinin ilkin planı haqqında fikirlərdən və mümkün subyektivlikdən imtina etməyə və mühəndislik fəlsəfəsi mövqeyindən şəxsi mülahizələrim əsasında açıq, mübahisəli kitab yazmağa inandırdım. Kitabda diqqəti ayrı-ayrı alimlərə və filosoflara yönəltməklə yanaşı, öz baxışlarım da təqdim olunur. Əslində bu cür yanaşma mənim əqidəmə və  dünyagörüşümə daha müvafiqdir.

Akademik Əhəd Canəhmədovun qoyduğu suallar maraqlı və düşündürücüdür: Kim bilir biliyin hüdudları hansıdır? Kainat haradan gəlmişdir? O necə və nə üçün yaranmışdır? Onun sonu gələcəkmi? Əgər gələcəksə, onda , o necə və nə vaxt baş verəcək? Bu və bu qəbilədən olan suallar elmin hüdudlarına daxil olmuş əksər alimləri maraqlandırır: O cümlədən, hissəcikləri öyrənənləri, materiya və enerjinin son nəzəriyyəsini arzulayanları; Bizim Kainatın hansı şəkildə, nə üçün yarandığını öyrənməyə çalışan kosmoloqları; Həyatın necə başlanmasını və sonradan onun hansı qanunlarla idarə olunmasını müəyyənləşdirmək istəyən bioloqları; Şüuru şərtləndirən beyindəki prosesləri öyrənmək istəyən nevroloqları; Kompüter və müasir texnologiyanın köməyi ilə mürəkkəb  nizamsızlığı  tədqiq  etməyə  ümid  bəsləyənləri və s...

Əhəd müəllimin təqdim etmək istədiyim bu frazası da olduqca maraqlıdır:  

Nəzərə alsaq ki, bu mövzularda il ərzində on minlərlə kitab və jurnallar dərc olunur, mən də bəzi materiallardan bəhrələnməli oldum. Axı, istənilən kəşf az-çox dərəcədə digər insanların əsərlərinə, oradakı uğurlara, uğursuzluqlara, habelə, fikirlərə əsaslanır. Bizim dövrümüzdə kəşf etmək üçün çox şey öyrənmək, çox bilmək lazımdır. Təbiət elmləri sahəsində bir qayda olaraq, müasir mühəndislik texnikası, nəzəriyyə sahəsində isə fizika və riyaziyyat üzrə dərin biliklərə çox ehtiyac var.

Maraqlıdır ki, Əhəd müəllimin kitabların yazılmasına və cəmiyyətə təqdim edilməsinə dair də məxusi fikirləri var: Elmin populyarlaşdırılması məqsədi ilə çoxsaylı elmi-populyar və populyar kitablar yazılıb. Bu kitablarda qısa və mümkün qədər sadə şəkildə mürəkkəb, bəzən çətin başa düşülən şeyləri təqdim etməyə çalışırlar, çünki bəzən oxuculara elə gəlir ki, elmi nəticələri elə onların haqqında yazıldığı kimi sadə və asan qaydada əldə etmək olur; Onları çay süfrəsi arxasında müzakirə etmək kifayət edər. Bəzi kifayət qədər öyrənilməmiş məsələlər haqqında bir alim belə düşünür, digəri başqa cür mülahizə edir, üçüncü isə tamamilə özünəməxsus yanaşır. Baxmayaraq ki, belə fikir fərqliliyi də mövcuddur və onlar elmdə yolveriləndir. Lakin sıradan hər adamın da bu qədər dəyərli kitab yazacağını, yaxud fikir söyləyəcəyini düşünmək düzgün olmazdı...

Haqqında söhbət açdığımız kitabının ərsəyə gəlməsi barədə akademik Ə. Canəhmədov yazır: Mən dostların və həmkarların təkidi ilə elmi biliklərin yayılmasına və təbliğinə öz töhfəmi vermək qərarına gəldim. Bu barədə mənim təsəvvürüm ondan ibarətdir ki, bu, insanın bütün imkanlarını tələb edən çox ciddi işdir və o sırf tədqiqat işlərindən xeyli fərqli olaraq yüngül kompromislərə getməyə məcbur edir. Bütün hallarda elmin yayılması, təbliği, şəxsiyyəti zənginləşdirir və onun üfüqlərini yeni nura qərq etməklə genişləndirir. Əslində, bəşər tarixində bütöv dövrləri təmsil edən hadisələri, materialları toplamaq, onlar haqqında kitab yazıb, orada onları yenidən işləmək, təhlil eləmək, dərk etmək o qədər də asan olmadı. Mən kütləvi informasiya vasitələri ilə dialoqa razılıq verməklə öz üzərimə tənqid atəşinə düşmək riskini götürmüşəm...

Alimin təbirincə zamanın təbiətini öyrənmək, çox güman ki, bizə daha yaxşı kompüter və ya mobil telefon icad etməyə, yaxud məşqsiz qol vurmağa imkan verməyəcək... Lakin! Lakin hamımız bir Kainatda yaşayırıq və buna görə də Kainatı, eləcə də, təbiət hadisələrini anlamaq cəhdlərimiz insanlığımızın başlıca  amillərinin tərkib hissəsidir. Etiraf etmək lazımdır ki, insanlar arasında elmi mədəniyyətə nəzərə çarpacaq dərəcədə böyük  maraq var, lakin bu marağı kifayət qədər təmin etməyə borclu olan qurumların acizliyini təəssüflə qeyd etmək məcburiyyətindəyik...

Əhəd müəllimin ömür fəlsəfəsinin hikmət nurunda paklandıqca onun dediyi müdrik kəlamın necə böyük həqiqət olduğunu dərk edirsən:

Elm – azad cəmiyyətin zəmanəti, azadlıq isə rifah, zənginlik, yüksək texnologiyalar dövrüdür. Elm öndə getməlidir ki, ardınca gələn cəmiyyətin yoluna işıq saçsın...

Akademik Əhəd Canəhmədov

 

Alim “bu traktatın əsas auditoriyası kimlərdir?” sualına da məxsusi cavab verir: “... bəşər tarixinə, əvvəlki nəsillərin nailiyyətlərinin səhifələrinə böyük maraq göstərən, Kainatın yaranması və quruluşunun sirlərinə nüfuz etmək və insanın Kainatdakı mövqeyini müəyyənləşdirmək arzusunda olan hər kəs... Lakin traktat qeyri-mütəxəssislərə ünvanlansa da, elmdə “asan yollar” axtaran, beynini yormağa alışmayan insanlar üçün deyil. Mən kitabı mürəkkəb anlayışlardan yox, tənliklərdən, elmi termin və anlayışlardan azad etməyə çalışmışam. Mən riyazi formullardan qaçmışam, lakin digər tərəfdən, yeni formalaşan paradiqmanın əsasında duran prinsip və mexanizmlərin dəqiq və aydın izahlarını verməyə çalışmışam. Bu yeni paradiqmanın başa düşülməsi dünyanın dərki ilə bağlı suallara cavab axtarışını izləyən hər kəs üçün həlledici olacaqdır...”

Akademik Əhəd Canəhmədovun “Kainatı izah edərkən... Mühəndislik fəlsəfəsi...” adlı yeni kitabı, Ön söz, Müqəddimə, 13 fəsildən və epiloqdan ibarət fəlsəfi traktatdır. Qeyd etdiyim kimi əsərin hər fəsli haqqında fikir bildirmək çox çətindir. Belə ki, kitabın hər fəsli ,sanki, ayrıca bir kitabdır və yaradılmışların həyat fəlsəfəsinin əsasında duran başlıca amili - Mühəndislik fəlsəfəsini izah edir. Bu izahatlar olduqca maraqlı, hikmətli fikirlərlə, əsaslandırılmış dəlillərlə Kainatın mövcudluğunun şərtlərini göstərir...

Alimin haqqında söhbət açdığımız kitabını hikmətlər xəzinəsi də adlandırmaq olar... Kitabın hər fəsli bir müdrik kəlamla başlanır və həmin kəlam da verilən fəsildə söhbətin nədən gedəcəyi barədə müqəddimə rolunu oynayır... Mənə elə gəlir ki, kitabın fəsillərinin adlarını qeyd etməklə və oxucuya  başlanğıc rolunu oynayan müdrik kəlamları çatdırmaqla kitabın mahiyyəti barədə veriləcək informasiya kifayət edər. Bundan sonrakı hadisələri isə tam olaraq oxucunun mühakiməsinə buraxmaq, ona kitabı mütailə edərək faydalanmaq, imkan vermək lazımdır.

F Ə S İ L L Ə R :

  1. Yerin daşlara həkk olunmuş tarixi

Hər ölkənin yüksək səviyyəli təhsil sistemi, vətəndaşlarının intelektual səviyyəsi və alimlərinin nailiyyətləri onun nüfuzunu müəyyən edən əsas amildir.   

                                                   Akademik  Əhəd Canəhmədov

  1. Yer üzündə həyatın mənşəyi və gələcək dəyişiklikləri

        Malik olduqlarınıza görə Allaha şükür edin ki, O, sizə, sizdə çatmayanları da versin…                          Akademik  Əhəd Canəhmədov

 

  1. Ay-Yerin bioritmidir

         Günəş, Ay və ulduzlar da insan əllərinin altında olsaydı, çoxdan yox olardılar.                                                                                          Henri    Ellis

  1.  Yer üzündə düşünülmüş, ağıllı həyat

Yalnız iki şey sonsuz və əbədidir: Kainat və insan kobudluğu. Lakin birinci ilə bağlı  şübhəm var…                                                            Albert Eynşteyn

  1. Kainatın quruluşuna baxış

Yeni insan tipi heç də təkamülün zirvəsi deyil, gələcəyin insanı, müasir insandan kəskin şəkildə fərqlənəcək və onun beyin strukturları mahiyyətcə dəyişəcək.    

                                                                                             Vladimir  Vernadskiy

  1. Həyatın qədim sirləri

İnsan dünyaya yaxşılıq üçün gəlir  və o, hər yerdə və hər zaman insanlara xoşbəxtlik bəxş etməyə borcludur…                   Atəşpərəstlərin   nəsihəti

  1. Orta əsrlər Şərqində təbiət elmlərinin təkamülü

Titullar və atalar sözləri ucalıq gətirir. Bu qürurdur, amma hələ nailiyyət deyil. Çünki biz yalnız onların əməllərini yaşatmaqla və genişləndirməklə bu adın layiqli daşıyıcılarına çevrilirik. 

                                                         Akademik  Əhəd Canəhmədov

  1. Sivilizasiyanın taleyi haqqında düşüncələr...

Verilən ömrü yaşamaq və həmin ömürdə insan olaraq qalmağı bacarmaq lazımdır.

                                                          Akademik  Əhəd Canəhmədov

  1. Maddi dünyada həyat

İnsan öz həyatının sahibidir, lakin təəssüflər olsun ki, bəzən qorxu hissi ona zövq almağa maneçilik edir…                         Akademik  Əhəd Canəhmədov

 

  1. Beyin - daxili dünyamızın yaradıcısıdır

Əgər insan kifayət qədər azaddırsa, yüksək nailiyyətlər qazanmağı da bacarar…                                                Akademik  Əhəd Canəhmədov

 

  1. Beyin və süni intellekt

Yaxşı qurulmuş beyin, yaxşı dolmuş beyindən daha dəyərlidir…

                                                                                    Mişel de Monten

 

  1. Həyatın təkamülü: elmin və dinlərin birliyi

Kainatımız haqqında nə qədər çox öyrənsək, varlığımızın səbəblərini izah etmək üçün Yaradanın varlığı ilə bağlı mövcud olan fərziyyə bir o qədər inandırıcı olur.    

                                                                                                         Con Lennoks

  1. Dünyanı tanımaq üçün informasiya

Məndə sığar iki Cahan, Mən bu Cahanə sığmazam…

Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam…

 

İmadəddin Nəsimi

Beləliklə, dünya şöhrətli alimimizin növbəti hikmət dolu kitabı haqqında fikirlərimi yekunlaşdırarkən gördüm ki, Əhəd müəllim bütün elm dünyasına səyahət edərək, nəticəni Şeyx İmadəddin Nəsimi fəlsəfəsi ilə tamamlayır. Bu onun nə qədər bəşəri olmasından asılı olmayaraq yurduna, xalqına, Vətəninə bağlı İNSAN olduğunu təsdiq edir. Kitab dünya ictimaiyyətinə təqdim edilmək üçün az saylı tirajla rus dilində nəşr edilib. Hazırda tərcümə prosesində olan əsər ən qısa vaxtda doğma Azərbaycan dilində nəşr edilib, xalqın müzakirəsinə təqdim ediləcək. Əhəd müəllimə isə Azərbaycan elminə dünya şöhrəti gətirdiyinə, Azərbaycan elmini beynəlxalq səviyyədə ləyaqətlə və layiqincə təmsil etdiyinə görə minnətdarlığımızı bildirir, ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

 

ELDAR   İSKƏNDƏRZADƏ

Telejurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,

Prezident təqaüdçüsü.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?