Dərman vasitələrinin içliklərinin yalnız Azərbaycan dilində verilməsi bizim üçün müsbətdən daha çox zərərə səbəb ola bilər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Rəşad Mahmudov bildirib.
“Bunun beynəlxalq problemi var. Biz düşünə bilərik ki, Azərbaycan dilində içliklə dərmanın satışı müsbət haldır. Amma istehlakçı və istehsalçı arasında böyük problemə səbəb olacaq. Eyni zamanda iqtisadi sahədə də problemə səbəb ola bilər. Düşünürəm ki, dərman vasitələrinin Azərbaycan dilində içliklərlə verilməməsi bizə hər hansı problem yaratmaz. Ona görə də bunun avantajdan daha çox zərəri olacaq”, deputat deyib.
Onun sözlərinə görə, şirkətlər hər ölkə üçün sifarişə uyğun olaraq dərmanları istehsal edir. Bu zaman dərmanın qutu və digər xərcləri üzərinə qoyulur:
"Əgər dərman şirkətlərinə ölkədə olan distribütorlar Azərbaycan dilində içliklə bağlı müraciət etsələr, içliklər də bu cür hazırlanacaq. İqtisadi səbəbə görə, qənaət baxımından Azərbaycan dilində olan içliklərin çıxarılması istehsalçı ilə istehlakçı arasında zəncirin qopmasına səbəb ola bilər".