Modern.az

Ermənilər elə etməlidirlər ki… - Britaniyadan Brüssel görüşünə reaksiya - ÖZƏL

Ermənilər elə etməlidirlər ki… - Britaniyadan Brüssel görüşünə reaksiya - ÖZƏL

17 İyul 2023, 13:16

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş olub.  Brüsseldə baş tutan görüş zamanı liderlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətlərini, sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Onlar, həmçinin delimitisiya məsələsi ilə məşğul olan sərhəd komissiyaların işini sürətləndirmək barədə razılığa gəliblər.



Danışıqlardan sonra mətbuata açıqlama verən Şarl Mişel Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iyulun 12-də keçirdiyi iclası alqışladığını deyib. Onun sözlərinə görə, tərəflər nəqliyyat xətlərinin açılması ilə bağlı irəliləyişə nail olublar.

 

Mişel dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalı olduğunu, Avropa İttifaqının bunun üçün maliyyə töhfəsi verməyə hazır olduğunu diqqətə çatdırıb. O, mövcud vəziyyətin dayanıqlı olmadığını və heç kimin marağına xidmət etmədiyini deyib. 

 

Bundan əlavə, Aİ rəhbəri real irəliləyişin yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılı olduğunu, sülh danışıqları üçün lazımi mühiti təmin etmək üçün zorakılıq və sərt ritorikanın dayandırılmasının vacibliyini vurğulayıb.

 

Məlumata görə, üçtərəfli görüşdə Qarabağdakı erməni əhalinin hüquqları və təhlükəsizliyi, o cümlədən Laçın dəhlizindəki vəziyyəti, əsirlər və itkin düşmüş şəxslərin taleyi, o cümlədən minalanmış ərazilərin təmizlənməsi məsələləri də müzakirə edilib.

 

Bəs növbəti Brüssel görüşü nə vəd edir? Bundan sonrakı proseslər hansı məcrada davam edəcək? 

 

 

Britaniyalı tarixçi və siyasi analitik, Britaniya, Türkiyə və Cənubi Qafqaz üzrə bir sıra kitabların müəllifi olan Patrik Uolş Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında istənilən növ müqavilənin imzalanması uzun və çətin proses olacaq:

 

“Həll edilməmiş məsələlərin müzakirəsi illər apara bilər. Dövlət sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat dəhlizlərinin açılması kimi bəzi məsələlər daha asan ola bilər, amma sülh prosesinin müxtəlif aspektlərini nəzərə almaq lazımdır. Şübhəsiz ki, Qarabağ ermənilərinin Azərbaycan dövləti ilə bağlı mövqeyi məsələsini həll etmək ən çətin məsələdir. Sonda onların Azərbaycanın funksional vətəndaşlarına çevrilməsi üçün hansısa format tapılmalı olacaq".

 

Patrik Uolş qeyd edib ki, hazırda Rusiya və Qərb formatlarının paralel, lakin ziddiyyət təşkil etmədiyi ikitərəfli sülh prosesi gedir.

 

"Bu, alqışlanmalıdır və müsbət cəhət kimi qiymətləndirilməlidir. Çünki baş verə biləcək ən pis şey Cənubi Qafqazın Qərblə Rusiya arasında daha geniş geosiyasi münaqişəyə qarışması ola bilər. Təbii ki, Qərbin atdığı addım daha uğurlu ola bilər. Sülhə yaxınlaşan hər bir addım alqışlanmalıdır və ümid edirəm ki, ermənilər vəziyyətin reallığını qəbul edəcəklər. Bundan sonra hamının gələcək rifahını, sabitliyini və təhlükəsizliyini təmin edən sazişi bağlayacaqlar. Ermənilər elə etməlidirlər ki, müharibəyə ehtiyac qalmasın və münaqişə baş verərsə, onu effektiv şəkildə həll edə bilən siyasi strukturlar daxilində olsun”, - deyə tanınmış siyasi şərhçi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?