Modern.az

Vətənini sevən insan Gülənin adamları ilə münasibət qurmaz – Səxavət Əlisoy

Vətənini sevən insan Gülənin adamları ilə münasibət qurmaz – Səxavət Əlisoy

24 İyul 2023, 13:10

"Fətullah Gülənlə əməkdaşlıq çox ağır, ciddi ittihamdır. Türkiyədə bunu əfv etmirlər".

 

Bunu Modern.az-a Azərbaycan Demokratiya və Rifah Hərəkatının keçmiş funksioneri Səxavət Əlisoy sədr Qubad İbadoğlunun FETÖ işi üzrə saxlanılmasına münasibət bildirərkən deyib. 

 

Keçmiş əqidədaşı Q.İbadoğlu ilə birgə çalışdığı zaman onun FETÖ ilə əməkdaşlıq etməsinə dair şübhəli məqamlara rast gəlmədiyini söyləyib.

 

“FETÖ 7 il öncə, 2016-cı ilin 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd göstərib. Bununla əlaqədar olaraq, Türkiyədə əməliyyatlar hələ də davam edir. Qubad İbadoğlunun FETÖ ilə birbaşa əlaqəsinin olduğunu güman etmirəm. Ən azı obyektivlik naminə deyim ki, bir yerdə çalışdığımız dövrdə belə bir şeyin şahidi olmamışdım. Fətullah Gülənlə əməkdaşlıq çox ağır, ciddi bir ittihamdır. Türkiyədə bunu əfv etmirlər. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında qeyd etdi ki, Fətullah Gülən barədə bir sıra ölkələrdə pozitiv tədbirlər görülür. Ərdoğan hökumətini dəstəkləyirlər. Bu, onu göstərir ki, FETÖ-nün bütün tərəflərə sızmış dəstəsini təmizləmək mümkün olmayıb. Görünən odur ki, Azərbaycanda da FETÖ-yə bağlantılar var. Bunun hamısını istintaq göstərəcək. Qubad bəylə bugünkü münasibətlərimizdən asılı olmayaraq, zamanında pozitiv münasibətlərimiz olub, çörək kəsmişik. Bu, yaddan çıxan bir şey deyil. Allah qapısını açsın”,-deyə S.Əliyev vurğulayıb.

 

 

Bir müddət əvvəl ADR-dən istefa verən siyasətçi Azərbaycanın hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatı dəstəklədiyini qeyd edib.

 

“Bu məsələdə Azərbaycan polisi, hüquq-mühafizə orqanları professionaldır. Onları peşəkar saymaq olar. 90-cı illərin ortalarında səriştəsiz polis əməliyyatları keçirilirdi. Birinin evindən qumbara, birinin evindən silah çıxarırdılar. Bunlar çox primitiv görsənirdi. Müasir dövrdə, elmin, texnologiyanın bu qədər inkişaf etdiyi zamanda  faktların aşkarlanıb, üzə çıxarılması o qədər də çətin məsələ deyil. İndi elə bir əsrdəyik ki, Afrikadan birinin Azərbaycanda kiminlə əlaqədə olmasını, vatsap yazışmalarını çox asanlıqla üzə çıxarmaq mümkündür. Bir daha deyirəm ki, mən Qubad İbadoğlu ilə çalışdığım zaman belə bir məsələni duymamışdım. Hesab edirəm ki, mən də yanıla bilərəm. Bütün hallarda vətənini sevən insan Fətullah Gülənin adamları ilə münasibət qurmaz, oturub-durmazdı. Çünki kimliyindən asılı olmayaraq hər kəs bilərdi ki, bunun üstü mütləq açılacaq. Fətullah Gülənin dəstəsinə qoşulmaq İŞİD-ə qoşulmaq kimi bir şeydir. Necə ki, İŞİD-in üzvləri gizli qalmırsa, Fətullah Gülənin adamları da gizli qalmayacaq. Son sözü hüquq-mühafizə orqanları deyəcək”, - Səxavət Əliyev əlavə edib.

 

 

Qeyd edək ki, ötən gün Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilməsi haqda xəbərlər yayılıb. Məlumata görə, FETÖ-nün Azərbaycandakı üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.

 

Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında baş tutub. Nazirlik əməliyyat zamanı 5 nəfərin saxlanıldığını bəyan edib, lakin onların adları açıqlanmayıb.

 

Rəsmi məlumatda bildirilib ki, saxlanılan şəxslərdən biri siyasətçi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb. Bu səbəbən Q.İbadoğlu saxlanılıb.

 

52 yaşlı siyasətçi Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilir. Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxslər beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Partiya sədrinin qızı özünün “Facebook” səhifəsində yazıb ki, Qubad İbadoğlunun ofisindən 40 min dollar tapılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?