Modern.az

Abel Məhərrəmova Avrasiya Universitetlər Assosiasiyasinin ən ali mükafatı verilib

Abel Məhərrəmova Avrasiya Universitetlər Assosiasiyasinin ən ali mükafatı verilib

28 Aprel 2010, 14:49

BDU-nun rektoru, akademik Abel Məhərrəmov, tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, dosent Məmmədəli Ramazanov, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müavini Amil Məhərrəmov 23-24 aprel tarixində Moskva Dövlət Universitetində Avrasiya Universitetlər Assosiasiyasının təşkil etdiyi «Universitetlər və Cəmiyyət. XXI əsrdə Universitetlərin əməkdaşlığı və inkişafı» adlı 3-cü beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər. Bu barədə Modern.az-a BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova məlumat verib.

Məlumata görə, konfransda MDU-nun rektoru, Avrasiya Universitetləri Assosiasiyasının prezidenti, akademik Viktor Sadovniçi bildirib ki, tədbir 2009-cu ilin noyabr ayında qəbul olunmuş Bakı Bəyannaməsinə əsasən, ilk dəfə Avrasiya Universitetlər Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası və Xəzər Regionu Ölkələri Universitetləri Assosiasiyasının birgə iştirakı ilə hayata keçirilir.

Tədbirdə Prezident İlham Əliyevin konfrans işitrakçılarına təbrik məktubu oxunub.

Elmi-praktik konfransın plenar iclasında Abel Məhərrəmov «Azərbaycanda universitet təhsilinin və elminin inkişafının perspektivləri və əhatəsi» mövzusunda məruzə edib. Akademik əminliklə bildirib ki, bu tədbir universitetlərin gələcəkdəki əməkdaşlığı üçün mühüm mərhələ olacaq, elm, təhsil müstəvisində kəsişmə yollarının tapılmasına təkan verəcək. Rektor ötən il BDU-nun 90 illik yubileyinin qeyd edilməsi zamanı universitetləri özlərində birləşdirən 3 böyük assosiasiyanın əməkdaşlığı haqqında Bakı Bəyannaməsinin qəbul olunduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik sənədin qarşılqılı maraq və bərabər hüquqlar əsasında universitetlərin əməkdaşlığının müxtəlif formalarının əsas prinsiplərini özündə əks etdirdiyini də qeyd edib, bu elmi konfransın da məhz Bakı Bəyannaməsinin davamı olaraq təşkil olunduğunu vurğulayıb.

Konfransda Abel Məhərrəmova Avrasiya Universitetlər Assosiasiyasının ən ali mükafatı - «Avrasiya əməkdaşlığında töhfələrinə görə» medalı və diplomu təqdim olunub. Eyni zamanda Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası ilə əməkdaşlıqda səmərəli fəaliyyətə görə də ona mükafat verilib.

Sözügedən tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü, dosent Məmmədəli Ramazanov «Azərbaycanda nanotexnologiyanın yeni elmi istiqamətləri» mövzusunda məruzə ilə çıxış edib.  

Tədbir niversitetlərin cəmiyyətdəki əvəzolunmaz rolu barədə qətnamənin qəbulu ilə başa çatıb.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi