Modern.az

"Cənub rayonlarında qızı ərə verib, 1500-2000 manat başlıqpulu alırlar”

"Cənub rayonlarında qızı ərə verib, 1500-2000 manat başlıqpulu alırlar”

5 May 2010, 17:41

Bu gün Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyəti Qadınlar üçün Qlobal Fondun maliyyə dəstəyi ilə Azərbaycan regionlarında erkən nikahların yayılma dərəcəsi, onun insanların sosial-psixoloji durumuna təsirinin öyrənilməsi və dinin erkən nikahlara təsirini müəyyənləşdirilməsi ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Modern.az xəbər verir ki, sorğu Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Bakı şəhərində 150 nəfər (55 kişi, 95 qadın) arasında keçirilib.   Cəmiyyətin sədri Novella Cəfəroğlu bildirib ki, Azərbaycanda son illər erkən nikahların sayı azalmaq əvəzinə, artır: “Əvvəllər cəmiyyətimiz buna qarşı müqavimət göstərirdi. Təəssüf ki, son illər bunun qarşısının alınmadığını görürük. Cəmiyyət erkən nikaha qarışmaq istəmir. Tez-tez bir-birinə zidd olan fikirlərə rast gəlmək olar. Ancaq cəmiyyətimiz bilməlidir ki, erkən nikah insan hüquqlarının pozulmasıdır”. Novella Cəfəroğlu qeyd edib ki, əksər kəndlərdə qızlar məktəbə getmirlər: “Biz təklif edirik ki, erkən nikahlar məsələsinə nəzarət bələdiyyələrə tapşırılsın.  Yəni əsas məsuliyyət bu qurumların üzərinə düşsün”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyətinin üzvü Günay Hüseyn deyib ki, sorğunun əsas predmeti olan erkən nikahlara 70 respondent pis, 30 nəfər çox pis, 20 nəfər normal münasibət bəslədiklərini bildirb, qalan respondentlər isə bunun qadının öz hüququ olduğunu söyləyib. Novella Cəfəroğlu bildirib ki, bu işdə geniş maarifləndirmə işləri aparılmalıdır: “Maarifləndirmə işi yalnız bir qurumun işi deyil. Dövlət, QHT-lər, ziyalılar və digərləri bu işdə birgə iş görməlidirlər. Yalnız bu halda müsbət nəticə əldə etmək olar”.

Hüquq müdafiəçisi Cəmilə Səmədova cənub zonasındakı acınacaqlı haldan danışıb: “Məsələn, Lənkəran və Masallı rayonlarında qızı ərə verib, əvəzində 1500-2000 manat başlıqpulu alırlar”.   Digər hüquq müdafiəçisi Sədaqət Paşayeva isə erkən nikahların qurulmasında ailələrin günahkar olduğunu bildirib: “Əksər ailələrdə qız və oğlan uşaqlarına münasibət fərqlidir. Bu da problemlərin yaranmasına gətirib çıxarır”.

 

Sonda səmiyyət üzvləri və hüquq müdafiəçiləri erkən nikahların qarşısını almaq üçün valideynlərin və azyaşlı qızla evlənən oğlanın cinayət məsuliyyətinə cəlb edilməsinin qanuniləşdirilməsini təklif ediblər.

 

Günay Musayeva

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi