Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən düz 16 il ötür. Modern.az-ın məlumatına görə, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. 1994-cü ilin mayında atəşkəs haqqında sənədi ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Amma erməni tərəfi ötən 16 il ərzində daim razılığı pozaraq ərazilərimizi atəş altında saxlamağa çalışıb. Atəşkəsdən ötən 16 il müddətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttində dəfələrlə monitorinqlər keçirilib. Elə bu monitorinqlər zamanı da düşmən tərəfin atəşkəsi pozması halları qeydə alınıb. Qeyri rəsmi məlumatlara görə, 16 il müddətində cəbhə xəttində 6 mindən çox hərbçimiz düşmən gülləsi, mina partlayışları və digər səbəblərdən həlak olub. Əlbəttə, Azərbaycan tərəfi daim düşmənə layiqli cavab verib və sözsüz ki qarşı tərəf də itkilərə məruz qalıb.
Bəzi ekspertlər düşünürlər ki, atəşkəsdən daha çox Ermənistan xeyir qazanıb, ərazilərimizin 20 faizini işğal edən düşmən ölkə bundan istifadə edərək sülh danışıqlarında Azərbaycana təzyiq göstərməyə çalışır. Azərbaycan Respublikasının rəhbərliyi isə bəyan edib ki, bütün təzyiqlərə baxmaraq qarşı tərəflə sülh danışıqları davam etdirilir və bu, nəticəsiz qalacağı təqdirdə torpaqlarımızın azad edilməsi üçün hərb yoluna əl atılacaq.
Modern.az