Mayın 12-də Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə ölkənin aparıcı KİV-lərinin əməkdaşları Sabirabad, Şirvan, Kürdəmir və digər Kürətrafı bölgələrə səfər ediblər. Modern.az-ın məlumatına görə, ölkə jurnalistlərinin təbii fəlakət bölgələrinə səfərinin əsas məqsədi baş vermiş hadisələrlə bağlı Azərbaycan ictimaiyyətini daha geniş və dəqiq məlumatlandırmaqdır. Artıq təbii fəlakət zonasında olan jurnalistlər rəsmi şəxslər və fəlakətdən ziyan çəkən əhali ilə görüşüblər.
Modern.az-ın fəlakət zonasında olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər KİV əməkdaşları Fövqəladə Hallar, Daxili İşlər, Nəqliyyat və Səhiyyə nazirliklərinin eləcə də, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti rəhbərlərinin fəlakət bölgəsində fəaliyyət göstərən qəraragahına baş çəkiblər. Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə, baş nazirin müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov, Sabirabaddan olan millət vəkili Rüstəm Xəlilovun hazırda qərargahda olduğu bildirilir. Jurnalistlər öncə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ilə görüşüblər. Əhməd Əhmədzadə bildirib ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 1000-ə qədər texnikası, 10 minə qədər işçi qüvvəsi hazırda fəlakət bölgəsində çalışır.
Onun sözlərinə görə, Azərbaycanın tarixində heç vaxt Kür belə bolsulu olmayıb: çayda 1 saniyədə 2400 kubmetr su keçir. Əvəllər ən maksimal halda Kürdən saniyədə olub 2100, 1950 kubmetr su keçib. Ə.Əhmədzadə jurnalistlərə deyib ki, əsas çətinlik yaradan amillərdən biri həm Kürdə, həm də Arazda eyni zamanda suyun çoxalmasının müşahidə olunmasıdır. Ə.Əhmədzadə bildirib ki, hazırda Kürün səviyyəsi dəniz səviyyəsindən 5,5 metr yuxarıdır, ona görədə bəndatma və digər işlərin görülməsidə çətinliklər var. “Prezidentinin dünənki müşavirəsindən sonra bölgəyə ətraf rayonlardan da ciddi köməklik göstərilir”. Əməkdaşımızın verdiyi məlumata görə, hadisə yerində olan rəsmi şəxslər jurnalistlərə deyiblər ki, Sabirabadın 9 kəndinin tam boşaldılıb, yəni əhali evakuasiya olunub, daha 5 kəndə isə ciddi təhlükə var. Əhməd Əhmədzadə jurnalistlərə bildirb ki, ötən gecə Kürdə suyun səviyyəsi 25 sm aşağı düşüb, amma onun yenidən qalxacağı gözlənilir. Bu da Araz çayı ilə bağlıdır. Millət vəkili Rüstəm Xəlilov deyib ki, əhalisi çıxan kəndlərə də nəzarət olunur. Onun sözlərinə görə, ciddi təhlükə gözlənilən 5 kənddən bəzi ailələr özləri ehtiyatlandıqlarına çıxəblar.
Deputat əhali arasında təşviş hiss olunduğunu gizlətməyib. Elə 5 kənddən - Axtaçı, Mürsəlli, Şıxlar, Bulacalı, Qidəcühür kəndlərindən bəzi sakinlərin çıxması da təşvişlə bağlıdır.
Fəlakət zonasında olan jurnalistlər burada qurulan çadır düşərgəsinə də baş çəkib əhali ilə görüşüblər.
Modern.az