Modern.az

Köçkün rayonların icra başçıları dəyişdiriləcək

Köçkün rayonların icra başçıları dəyişdiriləcək

17 May 2010, 10:13

Yaxın vaxtlarda bir neçə rayonun İcra Hakimiyyəti başçısının dəyişdiriləcəyi gözlənilir. Mötəbər mənbədən Modern.az saytına verilən məlumata görə, budəfəki kadr dəyişiklikləri məcburi köçkün rayonların icra başçılarına şamil olunacaq.

 

Saytımıza verilən məlumatda bildirilir ki, bir neçə icra başçısı ilə bağlı veriləcək sərəncamlarda həm kadrların yerdəyişməsi, həm də vəzifədən birdəfəlik kənarlaşdırma prinsipindən istifadə olunacaq.

Əldə etdiyimiz bilgiyə görə, işdən çıxarılacaq icra başçılarından biri uzun illərdir Füzuli rayon İcra Hakimiyyətinə rəhbərlik edən Nəbi Muxtarov olacaq.

N.Muxtarov əhalinin ən çox narazı olduğu icra başçılarından biridir. Məlumatlara görə, indiyədək Füzüli rayonundan Prezident Administrasiyasına N.Muxtarov barəsində saysız-hesabsız şikayətlər göndərilib. Lakin kadr dəyişikliyinin bu şikayətlərlə bağlı olmadığı bildirilir.

N.Muxtarovun Füzuli rayonun icra başçısı vəzifəsindən gedəcəyi haqda əvvəllər də xəbər yayılmışdı, amma doğru çıxmamışdı. Saytımızı məlumatlandıran mənbə qeyd edib ki, bu dəfə N.Muxtarovla bağlı xəbər gerçəkləşəcək  və onun işdən çıxarılandan sonra digər rayona göndərilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Füzuli yeganə rayondur ki, 1993-cü ildən bəri onun icra başçısı digəri ilə əvəzlənməyib. Füzuli rayonunun yeni icra başçısına gəldikdə, saytımıza daxil olan məlumatda deyilir ki, həmin şəxs hazırda digər məcburi köçkün rayonunda eyni vəzifəni tutur. Bu isə o deməkdir  ki, kadr dəyişikliyi digər məcburi köçkün rayonların İcra hakimiyyətlərini də əhatə edəcək. Modern.az  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi