2010-cu il aprel ayının 1-i vəziyyətinə qeydiyyatda olan 1301,7 min nəfər pensiyaçının 65 faizi yaşa görə, 24 faizi əlilliyə görə, 11 faizi ailə başçısının itirilməsinə görə pensiya alır. Pensiyaçıların ümumi sayından 0,5 faizini cari ilin birinci rübü ərzində ilk dəfə qeydiyyata alınaraq pensiya təyin olunmuş şəxslər təşkil edir.
Modern.az xəbər verir ki. Dövlət Statistika Komitəsinin məlumatına görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 101,02 manat olub və orta aylıq əmək haqqının 33 faizini təşkil edib.
Cari ilin birinci rübündə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 411 milyon manat yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 10,4 milyon manat və ya 2,6 faiz çoxdur. Vəsaitin 400,4 milyon manatını əhaliyə ödənilən pensiya, 10,6 milyon manatını isə müavinət xərcləri təşkil edib.
Müavinətlərin 4 milyon manatı hamiləliyə və doğuma görə, 3 milyon manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 2,1 milyon manatı dəfn üçün, 1,5 milyon manatı isə digər ödəmələrin payına düşür.
Cari ilin birinci rübündə 294 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 17,7 min nəfər, əlilliyə görə - 92,9 min nəfər, ailə başçısının itirilməsinə görə - 33,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58 min nəfər təşkil edib.
Əmək pensiyasını almaq hüququ olmayan 56,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 952 nəfər qəyyumlarına, eləcə də 11,4 min ailəyə 22,1 min uşaq üçün müavinət verilib. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Bundan əlavə, 28 min nəfərə, o cümlədən 24,5 min nəfərə uşağın doğulmasına görə, 2,8 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, penitensiar xidmətdən azad olan175 nəfərə və həyatını itirmiş 543 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.
2010-cu ilin birinci rübündə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 33,2 min nəfər təqaüd alıb.
Cari il aprel ayının 1-i vəziyyətinə ölkədə 165,7 min ailənin 757,1 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb, yardımın 1 nəfərə düşən orta aylıq məbləği 25,09 manat təşkil edib.
Modern.az