Modern.az

“Minsk qrupuna Azərbaycan xalqının etimad limiti tükənib”

“Minsk qrupuna Azərbaycan xalqının etimad limiti tükənib”

17 May 2010, 16:16

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aparıcı funksiyanı üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi əslində Azərbaycanın konfliktin sülh yolu ilə həllinə ümidlərini tükəndirməklə yanaşı, eyni zamanda, müharibə variantını da qaçılmaz edir. Bu gün əslində beynəlxalq təşkilatlar öz fəaliyyətsizliyi ilə Azərbaycanı müharibə variantına sövq edirlər”. Bu fikirləri Modern.az-a açıqlamasında millət vəkili Gültəkin Hacıbəyli söyləyib. Onun sözlərinə görə, baxmayaraq ki, beynəlxalq təşkilatların üzərinə münaqişənin sülh yolu ilə tənzimlənməsinə yardım etmək missiyası qoyulub, amma münaqişənin mahiyyəti göz önündədir: “Münaqişənin iki tərəfi var: işğalçı və işğala məruz qalan tərəf. Münaqişə tərəflərindən birinin ərazisi işğal olunub, 20 faiz torpaqları digər münaqişə tərəfi – işğalçı Ermənistan tərəfindən işğal altında saxlanılır və təcavüzkar ölkə beynəlxalq birliyin bütün tələblərinə sayğısızlıq nümayiş etdirir. Belə olan halda, beynəlxalq təşkilatlar sülhə necə nail ola bilərlər? Burada sülhə nail olmağın iki variantı var. Birincisi, beynəlxalq təşkilatların da bir çoxunun ifadə etdiyi kimi, Azərbaycanı yaranmış siyasi reallıqlarla barışmağa – belə demək mümkünsə, Azərbaycanı məğlubiyyətlə barışmağa sövq etmək. Bu, ümumiyyətlə, mümkün variant deyil. Azərbaycan xalqı, türk millətinin iradəsi heç bir halda bu məğlubiyyətlə barışmayacaq. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə belə cəhdlərə qarşı özünün sərt və qətiyyətli mövqeyini ortaya qoyub. O bildirib ki, Qarabağ nə indi, nə yüz il bundan sonra heç zaman müstəqil olacaq. Eyni zamanda, cənab Prezident yenə də dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazisinin bir qarışını belə, düşmənə güzəştə getməyəcək və Azərbaycanın bu günə qədər də atdığı ən böyük kompromis elə uzun illərdir sülh yolu ilə nizamlanma prosesində iştirakdan ibarətdir. Bu gün Azərbaycan müharibə, münaqişənin həllində hərb variantına əl atmayıbsa və beynəlxalq təşkilatlara münaqişəni sülh yolu ilə həll etməsi üçün imkan yaradıbsa, bu, artıq Azərbaycan tərəfindən edilən ən böyük güzəştdir. Əgər bu gün beynəlxalq təşkilatlar öz missiyalarını sona qədər dərk etmirlərsə, bu, təbii ki, həmin qurumların yerinə yetirməli olduğu missiyaya səmimi yanaşmadığına dəlalət edir. Bir daha qeyd etmək istəyirəm, bu gün münaqişənin sülh yolu ilə həllinin yeganə mümkün variantı beynəlxalq güclərin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana işğal etdiyi ərazilərdən geri çəkilməklə bağlı təzyiq etməsi və bu təzyiqin nəticəsində də sülhün reallaşmasından ibarətidr”. Millət vəkilinin bildirdiyinə görə, münaqişənin həlli ilə bağlı ən obyektiv mövqe sərgiləyən Avropa Şurası Parlament Assambleyası belə özünü müəyyən dərəcədə münaqişənin həllindən kənarda saxlayır və münaqişənin həll olunmamasının bütün məsuliyyətini Minsk qrupunun üzərinə atır: “Bu qurumun son sessiyasında biz – Azərbaycan nümayəndə heyətinin üzvləri istər İsveçrənin xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədrinə, istərsə də Avropa Şurasının İnsan Haqları üzrə komissarına bu yöndə bir çox suallar ünvanladıq. Ünvanladığımız sualların cavabları bir çox hallarda bir-birini təkrar edirdi və bu cavablar da bundan ibarət idi ki, Avropa Şurası münaqişənin həllində acizdir, gücsüzdür, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, Avropa Şurası yalnız iki ölkə arasında etmad mühitinin yaranmasına töhfə verə bilər”.

Görəsən, iki ölkə arasında etimad mühitinin yaranması münaqişə başa çatmadan mümkün görünürmü? Millət vəkilinin dediyinə görə, xeyr! “İndiki halda ərazisi işğal olunmuş Azərbaycan vətəndaşları ilə işğalçı Ermənistanın vətəndaşları arasında, axı, hansı etimad mühitinin yaranmasından söhbət gedə bilər? Əgər bu gün Ermənistan etimad mühitini yaratmaq üçün, heç olmasa, Azərbaycanın işğal olunmuş beş rayonundan çəkilmək səviyyədə iradə, xoş niyyət nümayiş etdirmirsə, bunun qarşılığında hansı etimad mühitini yaratmaq olar? Əslində, beynəlxalq təşkilatların bu tipli bəyanatlarını mən ikili standartlar və siyasi riyakarlıq hesab edirəm. Bu gün etimad mühitini yaratmağa ən çox borclu olan, məsuliyyət daşıyan tərəf Ermənistandır və əgər beynəlxalq təşkilatlar Ermənistana təzyiqlər, Ermənistanı münaqişənin həlli ilə bağlı müəyyən addımlar atmağa məcbur etmirlərsə, deməli, bu qüvvələrin özlərinin münaqişənin ədalətli həllində istəyi səmimi deyil”.

G.Hacıbəyli beynəlxalq təşkilatların, Minsk qrupunun, xüsusilə həmsədrlərin münaqişənin həlli ilə bağlı fəaliyyətisizliyini çox mənfi qiymətləndirdiyini də vurğulayıb: “Vaxtilə mərhum dövlət başçımız Heydər Əliyevin dediyi kimi, həmsədlərin münaqişə bölgəsinə səfərləri bir çox hallarda turist səfərlərini xatırladır. Təəssüf ki, bu fikirlər səsləndiyi vaxtdan bu günədək kifayət qədər vaxt keçməsinə baxmayaraq, bu acı həqiqət yenə də ortadadır. Yenə də reallıq bundan ibarətdir ki, Minsk qrupu münaqişənin həlli ilə bağlı hər hansı bir ciddi iradə nümayiş etdirmir. Tərəflərdən bu yöndə iradə tələb etmək, tərəfləri balanslaşdırmaq, eyniləşdirmək özü münaqişənin həllinə əngəl yaratmaqdan ibarətdir. Çünki işğalçı ilə işğala məruz qalan tərəfi balanslaşdırmaq açıq-aşkar ədalətsiz yanaşmadır və bu yanaşma ilə münaqişənin həlli hələ uzun onilliklər özünü gözlədəcək. Düşünürəm ki, Minsk qrupunun həmsədrləri, əslində heç zaman xüsusi güvənmədiyimiz ölkələrin təmsilçiləridir və ona görə bu gün ermənipərəst mövqeyi ilə seçilən bu institutundan hansısa bir ciddi nailiyyət də gözləmirəm. Artıq Azərbaycan xalqı münaqişənin həllini onillərlə gözləyə bilməz. Azərbaycan insanı öz doğma torpağına qayıtmaq istəyindən heç zaman vaz keçməyəcək. Belə olan halda hesab edirəm ki, artıq Azərbaycan tərəfi də münaqişənin paralel həlli variantına əl atmaq üçün kifayət qədər güclüdür, kifayət qədər böyük potensiala malikdir. Əgər sabah hərb variantına əl atmaq zərurəti yaranacaqsa, bunun məsuliyyəti Azərbaycanda tərəfində deyil, bunun məsuliyyəti münaqişənin həllini ləngidən və konfliktin həllində bu günə qədər heç bir siyasi iradə, xoş niyyət nümayiş etdirməyən beynəlxalq təşkilatların, ələlxüsus, ATƏT-in Minsk qrupunun üzərində olacaq”. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi