Çoxdandır ali məktəblərin Bakının mərkəzindən şəhərətrafı ərazilərə köçürülməsi məsələsi gündəmdədir. Təhsil naziri Misir Mərdanov da mətbuata açıqlamalarında universitetlərin mərkəzdən kənara köçürülməsi planının olduğunu və bu planın hökumət tərəfindən də dəstəkləndiyini söyləmişdi. Ancaq bu işə konkret nə zaman başlamağın mümkünlüyü, universitetlərin hansı əraziyə köçürülə biləcəyi söylənilməmişdi.
Modern.az saytına daxil olan məlumata görə, ali məktəblərin mərkəzdən kənara köçürülməsi üçün artıq müvafiq işlərə başlanılıb. Əldə etdiyimiz məlumata görə, hökumət ali məktəblərin köçürülmə yeri kimi Xocahəsən qəsəbəsinin üzərində dayanıb. Saytımıza bildirilib ki, artıq Xocahəsən ərazisində ali məktəb şəhərciyi üçün müvafiq ərazi də ayrılıb, sadəcə, hələlik bu barədə ictimaiyyətə rəsmi məlumatın açıqlanmaması qərara alınıb.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin müvafuq rəsmi şəxslərinin mövqeyini öyrənə bilmədik. Dəfələrlə zəng etməyimizə baxmayaraq nazirliyin Ali təhsil şöbəsinin müdiri İlham Mustafayev və mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə ilə əlaqə saxlaya bilmədik.
Yalnız nazirliyin mətbuat xidmətinin əməkdaşı Billurə Cavadlı ilə danışa bildik ki, o da məsələdən xəbərsiz olduğunu və münasibət bildirmək səlahiyyətinin çatmadığını söylədi: “Bu barədə bizdə heç bir məlumat yoxdur. Bunu sizə kim deyib ki? Yaxşı olar ki, Ali təhsil şöbəsinin müdiri ilə əlaqə saxlayasınız”. Qeyd etdiyimiz kimi, Ali təhsil şöbəsinin müdiri ilə danışmaq bizə nəsib olmadı. Yeri gəlmişkən, Qobu bələdiyyəsinin keçmiş sədri Mübariz Bayramov bir neçə ay öncə (seçkilərdən öncə, sədr işlədiyi dövrdə) saytımıza bildirmişdi ki, bir neçə universitetin Qobu ərazisinə köçürülməsi planlaşdırılır. O, bu sırada İqtisad, Pedaqoji universitetin adını çəkmişdi. Belədə ali məktəblərin Xocahəsən və Qobu ərazisinə köçürüləcəyini söyləmək olar.
Günay Musayeva