Son zamanlar bəzi çevrələrdə qarşıdan gələn parlament seçkilərində iştirak formaları, ehtimal edilən iştirakçılar və onların təmərküzləşməsi barədə müzakirələr daha da geniş vüsət almaqdadır. Bu ilki seçkidə yarışmaya qatılacaqlar sırasında Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət də var. Bir müddət öncə o, 34 saylı Xətai II seçki dairəsindən müstəqil namizəd olaraq iddiaçılar sırasına qoşulacağını elan etmişdi. Ancaq son günlər məhdud dairələrdə də olsa, meydana çıxan məlumatlar arasında onun daha böyük iddia ortaya qoyacağı haqqında danışılır. Belə ki, bəzi kəsimlər Azər Həsrətin öz başçılığı altında siyasi blok yaradaraq seçkilərə qatılacağı barədə söz etməkdədirlər. Hətta o da deyilir ki, Konsey başqanı bu məqsədlə ölkənin bəzi bölgələrinə səfər edərək öz keçmiş əqidə yoldaşlarıyla seçki məsələlərini müzakirə edib. Ümumi hesabla yetmişə qədər namizədlə seçkiyə qatılıb öz təsir imkanlarını nümayiş etdirəcəyi deyilən Azər Həsrətin hələlik Azərbaycanın qərb, şimal və cənub rayonlarına səfər edərək müzakirələr apardığı gələn bilgilər arasındadır. O da qeyd edilir ki, Konsey başqanı Bakının 28, Gəncə və Sumqayıtın hərəsinin 4 dairəsindən, həmçinin yuxarıda qeyd edilən bölgələrin də ümumilikdə 30-dan çox dairəsindən namizədlər irəli sürməklə seçkiyə qatılaraq bəzi partiyalarla bərabər səviyyədə mübarizə aparmaq fikrindədir. Əlavə olaraq o da məlumdur ki, özünün qısa bir zaman kəsimində geniş şəbəkə qurma imkanlarını bu dəfə də işə salan Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət öz ətrafında ziyalılar, jurnalistlər, QHT nümayəndələri və gənclərdən ibarət çevik bir qüvvə toplaya bilib. Hətta bəzi siyasi partiyalar onun bu imkanlarını nəzərə alaraq yaxın əməkdaşlıq təklifi də irəli sürüblər. Modern.az