Dünən Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən “Şərq və Qərb arasında dialoq” beynəlxalq konfransında iştirak etmək üçün Serbiyadan həmin şəhərə gələn ölkəmizin Rumıniya və Serbiyadakı səfiri Eldar Həsənov son zamanlar Azərbaycan mətbuatında onun barəsində yer alan fikirlərə münasibət açıqlayıb. Modern.az-ın əməkdaşı xəbər verir ki, səfir mətbuatda gedən son yazılardan xəbərsiz olduğunu deyərək, qarşısında qoyulan xidməti vəzifə borcunu yerinə yetirməklə məşğul olduğunu bildirib. “Mətbuatda və bəzi dəhlizlərdə gedən bu cür söhbətlərə cavab verməyə nə vaxtım, nə də marağım var”. Konkret olaraq, qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyi ilə bağlı israrlı sualımıza isə səfirin cavabı çox qısa olub. “Mənim heç vaxt parlament seçkilərində iştirak etmək niyyətim olmayıb və bundan sonra da qətiyyən belə bir niyyətdə deyiləm. Düşünürəm ki, Azərbaycanımıza, dövlətimizə və prezidentimizə səfir kimi daha çox fayda verə bilərəm, nəinki millət vəkili kimi” - deyə Eldar Həsənov fikrini tamamlayıb. Modern.az