Modern.az

Metyu Brayza Azərbaycana nə zaman gəlir?

Metyu Brayza Azərbaycana nə zaman gəlir?

8 İyul 2010, 12:31
Bu ilin may ayında ABŞ prezidenti Barak Obama ölkəsinin Azərbaycandakı yeni səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyini irəli sürmüşdü. Amma aradan iki ay keçsə də bu məsələdə deyəsən hələ yenilik yoxdur. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına bildirilib ki, bu ölkənin prezidenti tərəfindən Azərbaycana səfir vəzifəsinə namizədliyi irəli sürülən Metyu Brayzanın ölkəmizə nə zaman gələcəyi məlum deyil. Səfirlikdən deyiblər ki, Metyu Brayzanın namizədliyi ABŞ Senatından da keçməlidir: “Amerikada qayda belədir. Senatın qərarından sonra yeni səfir barədə dəqiq bir fikir söyləmək olar. Qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil”.

Metyu Brayza 2005-ci ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini təyin edilib. O, bu vəzifədə Cənubi Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələrə məsul olub, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli səylərinə başçılıq edib, Birləşmiş Ştatların Qara dəniz və Xəzər dənizi bölgələrində enerji siyasətini əlaqələrdirib.
Metyu Brayza 2006-2009-cu illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunda amerikalı həmsədr vəzifəsini tutub.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi 2009-cu ilin iyulundan boşdur. Ötən yay səlahiyyət müddəti bitən Enn Dörsidən sonra səfir postuna heç kim təyin edilməyib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI