Modern.az

I qrupda 14 və 56 yaşlı abituriyentlər də imtahan verəcəklər

I qrupda 14 və 56 yaşlı abituriyentlər də imtahan verəcəklər

Ölkə

9 İyul 2010, 11:16

Bazar günü-iyulun 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Modern.az TQDK-ya istinadla xəbər verir ki, I qrup üzrə 35769 abituriyent ərizə verib.

Abituriyentlərdən 32992 nəfəri Azərbaycan bölməsi, 2777 nəfəri isə rus bölməsinin məzunudur. Onlardan 21547-si oğlan, 1422-si qızdır. 17814 abituriyent bu ilki məzundur, 17535 abituriyent isə əvvəlki illərin məzunudur. I qrupa ərizə verənlərdən 156 nəfər xarici ölkə vətəndaşıdır, 140 abuturyent ali təhsillidir, 1191 nəfər isə orta ixtisas məktəblərin məzunudur. Ən yaşlı abituriyentin 56, ən gənc ərizə verən şəxsin isə 14 yaşı var.

İmtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində keçiriləcək. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 44, Gəncə şəhərində 7, Sumqayıt şəhərində 8, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2413 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 258 imtahan rəhbəri cəlb olunub.

Bakı şəhərində 25497, Gəncədə 4573, Naxçıvanda 1353, Sumqayıtda isə 4346 abituriyent imtahan verəcək.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 20:00-da «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başalanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən 21-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna  daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI