Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) “Avropa” otelində X qurultayını keçirib.
Qurultayda partiyanın sədrlik postuna namizədlər müəyyənləşdirilib. Sədrlik postuna iki namizəd irəli sürülüb. Bunlardan biri AMİP-ə yeni üzv olan Yusif Bağırzadə, digəri isə partiyanın Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov olub. Lakin F.Məhərrəməov Y.Bağırzadənin xeyrinə namizədliyini geri götürüb.
Qurultayda uzun illər AMİP-in sədri olmuş, indi isə partiyanın lideri olan Etibar Məmmədov geniş nitq söyləyib.
Yusif Bağırzadə isə namizəd kimi çıxış edərkən bildirib ki, AMİP-in son 4 ildə sədrsiz fəaliyyət göstərməsi təşkilatı zəiflədib. O, rayon təşkilatlarını və mərkəzi aparatı gücləndirmək, parlament seçkisində qələbə qazanmaq gərək olduğunu vurğulayıb.
Sonda səsəvermə nəticəsində bu yaxınlarda AMİP-ə üzv olan Yusif Bağırzadə partiya sədri seçilib.
Y.Bağırzadə 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub, parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini kimi çalışıb, 2003-2006-cı illərdə Azərbaycan Demokrat Partiyasının üzvü kimi Mərkəzi Seçki Komissiyasının üzvü olub.
Bir müddət idi ki, siyasi fəaliyyətdən uzaq düşmüşdü. O, 2010-cu il aprelin 9-da Azərbaycan Milli İstiqlal Partiyasına üzv qəbul olunub
Modern.az