Modern.az

Qarabağ məsləhətləşmələri

Qarabağ məsləhətləşmələri

14 İyul 2010, 19:44

Siyasi partiyalar dialoq istəyir

Aydınlar Partiyası bəyanat yayaraq Qarabağ danışıqlarının Azərbaycanın milli maraqlarını və ərazi bütövlüyünü təhlükə altına alan bir mərhələyə keçdiyini bildirib. Bəyanatda deyilir: «Rəsmi Bakı yenilənmiş Madrid prinsiplərinə uyğun olaraq Dağlıq Qrabağın hüquqi statusunun həmin ərazidə keçriləcək rəy sorğusu yolu ilə müəyyənləşməsinə razılıq verib. Aydınlar Partiyası bunu Azərbaycanın ərazi bütövlüyünün zorla pozulmasına bəraət verən bir addım kimi qiymətləndirir, hesab edir ki, ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlər işğal altında olan ərazilərdə keçirilməsi nəzərdə tutulan və nəticəsi qabaqcadan bəlli olan rəy sorğusu ilə həll oluna bilməz. Partiya Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan xalqının milli maraqlarına və beynəlxalq hüquq normalarına zidd olan bu razılaşmanı qəbul etmədiyini bildirir, hakimiyyəti təslimçi sülh sazişindən imtina etməyə, beynəlxalq təzyiqlərə ümumxalq müqavimətini təşkil etmək üçün bütün siyasi qüvvələrlə dialoqa başlamağa çağırır.

Azərbaycan Demokrat Partiyasının baş katibi Sərdar Cəlaloğlu iqtidar-müxalifət dialoqunun təşkil olunmasıyla bağlı təkliflərə münasibət bildirərəkən deyib ki, onlar hələ 2005-ci ildən bu məsələni gündəmə gətiriblər: «İndiki ortada olan rəy birtərəfli rəydir və heç də bütöv Azərbaycan cəmiyyətinin mövqeyini əks etdirmir. İqtidar- müxalifət dialoqunun mahiyəti odur ki, milli məsələlərdə ortaq mövqe müəyyən edilsin. Bu baxımdan əgər Azərbaycan iqtidarı Dağlıq Qarabağ problemini həll edəcəksə, tez və ya gec mütləq digər qüvvələrlə ortaq mövqedən çıxış etməlidir. Digər halda ortalığa qoyulan mövqe ancaq hakimiyyətdəki qüvvələrin mövqeyi ola bilər».

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksioneri Yeganə Mehtibəyli də Dağlıq Qarabağ məsələsindən narahat olduqlarını dilə gətirib: «Bu, bütün Azərbaycan xalqının problemidir. Belə məsələlərdə birtərəfli qərar qəbul etmək gələcəkdə böyük məsuliyyətlər doğura bilər». Y.Mehtibəyli bildirir ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı proseslərdə sürətlənmə müşahidə olunur: «Demək olar ki, bütün beynəlxalq miqyaslı mötəbər qürümlarda, mötəbər tədbirlərdə bu münaqişənin həlli gündəlikdə düran məsələlər sırasında olur. Bu isə çox məsuliyyətli bir dövrün yetişdiyni göstərir. Yəni bu intensivlilik heç də birmənalı olaraq Azərbaycana yaxşı nəticə vəd etmir. Yaranmış vəziyyətdən kimin necə istifadə edə biləcəyindən də çox şey asılıdır. Ona görə də indiki dövrdə Azərbyacan iqtidarı bütün vasiələrdən istifadə edərək, xalqın iradəsini ortaya qoymalıdır. Bu vasitələrdən biri də bütün syiasi qüvvələrin birgə mövqeyini ifadə etmək üçün məsləhətləşmələr keçirilməsidir».

Hüseyn      

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI