Modern.az

Altı ayda 629 nəfər yoxa çıxıb

Altı ayda 629 nəfər yoxa çıxıb

2 Avqust 2010, 14:54

Daxili İşlər Nazirliyinin (DİN) məlumatlarından aydın olur ki, son illər ölkə ərazisində xəbərsiz itkin düşmüş şəxslərin sayı artıb. DİN ölkə ərazisində xəbərsiz itkin düşmüş şəxslərin bir qisminin cinayətin qurbanı olması ehtimalını istisna etmir. Bu səbəbdən bütün ərazi polis orqanlarına itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işləri diqqətlə öyrənmək, onların qətlə yetirilməsi, yaxud cinayətin qurbanı olması ehtimalını dərindən araşdırmaq, zəruri hallarda cinayət işlərinin başlanması üçün prokurorluq orqanı qarşısında vəsatət qaldırmaq tapşırığı verilib.

DİN-in məlumatına görə, 2009-cu il ərzində Azərbaycan Respublikası ərazisində itkin düşmələri ilə əlaqədar barələrində axtarış elan olunmuş 1068 şəxs qeydə alınıb.  Onlardan 788-nin (73,8%) yeri müəyyən edilib.

2010-cu ilin altı ayı ərzində isə itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 629 şəxs qeydə alınıb. Onlardan 344-nün (54,7%) yeri müəyyən edilib.  

Dinc şəraitdə vətəndaşların itkin düşməsi barədə məlumatlar qəribə səslənsə də, belə hadisələr tez-tez baş verməkdədir. İtkin düşənlər – evdən çıxıb bir daha geri qayıtmayanlar təkcə ruhi xəstələr deyillər, onların arasında tamamilə sağlam insanlar da var.
DİN-in məlumatlarından bəlli olur ki, itkinlərin arasında bütün yaş təbəqəsindən olan vətəndaşlar var: qocalar, orta yaşlı kişi və qadınlar, cavan oğlan və qızlar, uşaqlar.
Bəzi itkinlərin axtarışının illərlə nəticəsiz qalır. Adi şəraitdə gözlənilmədən yoxa çıxan şəxslərdən bəzilərinin insan alverinin qurbanına çevrilməsi də mümkün ehtimallar sırasındadır. İtkin hesab olunanlar arasında ailəsindən imtina edib gedənlərin olduğu barədə də ehtimallar səsləndirilir. Belələri yaşadıqları yer haqqında uzun müddət məlumat vermək istəmir. Bəzən xəbərsiz-ətərsiz ölkədən çıxıb gedənlər də var ki, yaxınları onları itkin düşmüş sayırlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI