Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yürüş keçirilir. Yürüş bu gün Ağdam rayonu ərazisindən başlayıb Milli Qəhrəmanın doğulduğu Biləsuvar rayonuna doğru istiqamətlənib. ANS-in məlumatına görə, bir müddətdən sonra yürüş iştirakçıları Biləsuvar ərazisinə çatacaqlar. Yürüş zamanı yüzlərlə insan Mübariz İbrahimovun mübarizliyinə həmrəy olduğunu nümayiş etdirib.
Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov iyun ayının 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən xeyli erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə, gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.